“Bütün siyasi qüvvələrin bir təşkilatda birləşməyini uğurlu saymırıq”
İsa Qəmbərin AXCP REVANŞI

"Müsavat Partiyası olaraq, siyasi partiyaların birləşməyinə aydın bir yanaşmamız var. Biz bütün siyasi qüvvələrin bir təşkilatda birləşməyini uğurlu saymırıq". SİA-nın məlumatına görə, bu fikirləri Müsavat Partiyasının başqanı İsa Qəmbər "siyasi məhbuslar"la bağlı ADP, Ümid, KXCP və s. partiyalarla birgə yaratdıqları Müdafiə Komitəsinə qarşı Milli Şura, eləcə də AXCP rəsmiləri tərəfindən ittihamlarına münasibətini bildirərkən deyib.

Müsavat başqanı həmçnin bildirib ki, onlardan ayrı şəkildə fəaliyyət göstərən Müdafiə Komitəsi əslində yoxdur: "Leyla Yunusun Hüquqlarını Müdafiə Komitəsi yaradıldığı deyilir. Bu komitə varsa, sədri kimdir? İclasları nə vaxt keçirilir? Keçirilibsə, niyə Müsavat Partiyasına xəbərdarlıq edilməyib?".

İsa Qəmbər onu da qeyd edib ki, qarşı tərəfin ittihamlarına rəğmən, rəhbərlik etdiyi partiyası da daxil olmaqla fəaliyyət göstərən Müdafiə Komitəsi nə müxalifəti, nə də məhbusların müdafiəsini monopoliyaya almayıb: ""Siyasi məhbuslar"ın müdafiəsini monopoliyaya almamışıq. Ağlabatan ideyalar olacaqsa, dəstəkləyəcəyik, olmayacaqsa, özümüz müəyyən təşəbbüslər irəli sürəcəyik".

Xatırladaq ki, bir sıra Milli Şura təmsilçiləri və AXCP rəsmiləri Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan Müdafiə Komitəsini və orada iştirak edən müxalifət partiyalarını hakimiyyətə işləməkdə ittiham ediblər.

Ekspertlər isə düşünürlər ki, hazırkı situasiya AXCP və Müsavat partiyaları arasında olan intriqanın davamıdır və İsa Qəmbər Müdafiə Komitəsi yaratmaqla Əli Kərimlidən revanş almaq iddiasındadır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə