ADP sədri AXCP sədrini milli maraqları satmaqda İTTİHAM ETDİ

Sərdar Cəlaloğlu: “Əli Kərimli məcbur edir ki, bu sözləri onun üzünə deyək”
ADP sədri AXCP sədrini milli maraqları satmaqda İTTİHAM ETDİ

"Bunlar bizim KXCP-nin qərargahında toplaşaraq İntiqam Əliyevin müdafiəsinə qatılmağımızı iqtidara satılmaq, özünüreklam, xəyanət kimi dəyərləndirirlər. Mən ümumiyyətlə, onların düşüncə tərzini, hadisələrə baxışını demokratiya anlayışlarını başa düşə bilmirəm". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimlinin sözügedən tədbirə qatılmamasına, qarşı tərəfi ittiham etməsinə münasibətini bildirərkən deyib.

ADP sədri bildirib ki, Əli Kərimlinin cəhdləri əsassızdır: "Onlar deyirlər ki, guya İntiqam Əliyevi müdafiə etməkdə məqsədimiz özümüzü müxalifət kimi təqdim eləməkdir və s. Bu kimi düşüncə tərzi cəmiyyətdə demokratiya anlayışının monopoliyaya alınmasından başqa bir şey deyil və burada əsas məqsəd onların İntiqam Əliyev vasitəsilə beynəlxalq aləmdə siyasi divident qazanmaq cəhdidir. Bu da onların əvvəlki təcrübəsidir. Onlar hər zaman belə davranıblar. Hər zaman bəyan edirlər ki, əsl müxalifət bizik, bizdən başqa bu ölkədə müxalifət yoxdur, yerdə qalanlarını isə müxalifət adlandırmaq doğru deyil. Bu zaman sual yaranır ki, axı onlar nəyə görə müxalifət adı uğrunda bu qədər canfəşanlıq edirlər? Çünki özlərini bu cür təqdim edib dünyadan Azərbaycana verilən demokratik dəstəyi özlərinə tərəf cəlb etmək istəyirlər".

Sərdar Cəlaloğlu Əli Kərimlinin xaricdən maliyyə dəstəyi alamaq üçün hər cür çirkin addıma gedə biləcəyini də istisna etməyib: "Digər tərəfdən, beynəlxalq təşkilatlardan özlərinin təşkilatlanması adı ilə maliyyə dəstəyi almaq üçün dəridən-qabıqdan çıxırlar. Bununla da müxalifət adını monopoliyalaşdırırlar".

ADP sədri AXCP sədrinin Müsavat başqanı İsa Qəmbərə qarşı kampaniya aparması iddialarına da münasibətini bildirib. Bununla bağlı o qeyd edib ki, Əli Kərimli təsirində olan mətbuat vasitəsilə öz işini aparmaqda davam edir: "Gəlin bunların İsa Qəmbərlə bağlı, Müsavatla bağlı yazdıqlarına baxın. Özlərindən başqa kimsəni bəyənmirlər, qəbul etmirlər. Əllərində olan mətbuat vasitəsilə, "Azadlıq" qəzeti, "Azadlıq Radiosu" vasitəsilə, hansı ki, belə mətbu orqanların Əli Kərimlinin təsiri altında olduğu da hər kəsə məlumdur, onlar digər müxalifət təşkilatlarına qarşı hücumlar təşkil edir, onlara qarşı gözdənsalma kampaniyaları aparırlar. Əli Kərimlini isə radikal müxalifət kimi təqdim edirlər. Əli Kərimlinin özünü radikal adlandırması arxasında nə dövlətə, nə millətə, nə xalqa xeyir vermək məqsədi güdülmür. Çünki Əli Kərimli istər ölkədə, istərsə də ölkədən kənarda baş verən geopolitik durumları nəzərə almır, ölkədə baş verən müsbət prosesləri nəzərə almır və bir qayda olaraq süni gərginlik yaratmaqla məşğuldur. Burada da yalnız bir niyyət var - mümkün qədər dünyanın demokratiyaya verdiyi dəstəyi özünə və partiyasına aid etmək. Ancaq çox təəssüf ki, bu adamın özü demokratiya üçün, demokratiyanın inkişafı üçün heç bir iş görməyib. bundan sonra da görəcəyini düşünmək sadəlöhvlük olardı. Belə ki, onun özünün demokratiya haqqında anlayışı yoxdur. Bax, faciə də budur".

"Digər tərəfdən, ölkəmizdə milli maraqların təminatı ilə bağlı hər hansı məsələ müzakirə olanda biz bunları, Əli Kərimini ortada görmürük"-deyə bildirən ADP sədri onu da qeyd edib ki, AXCP sədrinin müxalifətçiliyi iki-üç söz ətrafındadır: "Onun yalnız bir tipli danışığı var – hakimiyyət belə gəldi, iqtidar düşməndir, mən də bu iqtidara radikal müxalifətəm, vəssəlam! Bu iki-üç məsələdən başqa Əli Kərimli üçün heç nə yoxdur. Onu nə mədəniyyət, nə sosial, nə etnoqrafik, nə demoqrafik, nə də digər məsələlər maraqlandırmır. Onu maraqlandıran bayaq qeyd etdiyim şeylərdir".

Sərdar Cəlaloğlu Əli Kərimlinin Milli Şurada oturaraq, milli-dəvlətçilik maraqlarını satmaqla məşğul olduğunu deyib: "Heç təsadüfi deyil ki, hətta sonuncu prezident seçkilərində o Milli Şuranın yaradılmasının təşəbbüskarlarından biri idi. O bu gün də Rusiya layihəsinin əsas icraçılarından biridir və İsa Qəmbər vaxtında bunu anlayaraq oranı tərk etdi. Əli Kərimli düşünür ki, Rusiya yenidən Azərbaycanı öz təsiri altına salmaq üçün hərəkətə keçər və ona görə də o və ətrafı bir alət kimi ortalığa düşəcəklər".

ADP sədri son olaraq, AXCP sədrinə bu sözləri ona deməyə məcbur olduğunu bildirib: "Çünki Əli Kərimli məcbur edir ki, bu sözləri onun üzünə deyək. Deyək ki, ay Əli Kərimli, sən busan və bu cür işlərlə məşğulsan!"

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə