Hikmət Babaoğlu: “Azərbaycan heç bir vasitəçi olmadan ərazi bütövlüyünü bərpa etmək gücündədir” MÜSAHİBƏ

Hikmət Babaoğlu: “Azərbaycan heç bir vasitəçi olmadan ərazi bütövlüyünü bərpa etmək gücündədir” MÜSAHİBƏ

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SİA-ya müsahibəsi:

- Hikmət müəllim, Soçi görüşünün nəticələrini necə şərh edərdiniz? Görüşdən sonrakı stiuasiyanı necə qiymətləndirirsiniz?

- Soçi görüşünü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan növbəti addım kimi qiymətləndirmək olar. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bu görüşünün hərbi-psixoloji konteksdə çox böyük əhəmiyyəti var. Çünki, görüş ərəfəsində ön cəbhədə baş verən hadisələr Azərbaycan ordusunun gücünün, qüdrətinin və Azərbaycan əsgərinin şücaətinin göstəricisi idi. Görüşdə iştirak edən digər iki tərəf ilk dəfə idi ki, Azərbaycan ordusunun gücü haqqında real təsəvvürə malik olurdular. Ona görə hesab edirik ki, Soçi görüşündə Azərbaycanın mövqeyi daha üstün idi.

Bu görüşü fərqli prizmadan qiymətləndirsək deyə bilərik ki, görüş əslində Ermənistan prezidentinin Rusiya vasitəsi ilə ön cəbhədəki hadisələrlə bağlı Azərbaycandan mövqeyini yumşaltmaq xahişi idi. Bu görüşdən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı məsələlərdə yeni keyfiyyət dəyişikliyi baş verəcək. İlk növbədə bu hərbi-psixoloji platformada olacaq. Cəbhədə baş verən son hadisələrdən sonra hər bir erməni əsgəri, vətəndaşı bilir ki, istənilən anda Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad etməyə qadirdir. Eyni zamanda bu gün hər bir Azərbaycan əsgəri və hər bir azərbaycanlı bilir ki, güclü ordumuz var və biz torpaqlarımızı azad edə bilərik. Bu hərbi-psixoloji və emossional üstünlük Azərbaycana çox şey verir. Bu üstünlük prezidentlərin görüşündə də özünü göstərdi.

- Soçi görüşü zamanı Ermənistan prezidenti Serj Sarkisyanın tutduğu mövqeyi necə qiymətləndirirsiniz?

- Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mürəkkəb bir problemə çevrilib. Əslində isə burada mürəkkəb heç nə yoxdur. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində konkret tələblər var. Sadəcə Ermənistan müxtəlif manipulyativ vasitələrlə məsələni mürəkkəbləşdirməyə çalışır. Ona görə də müxtəlif yayındırıcı fikirlərlə məsələnin həllini daima uzadır. Amma bu gün Azərbaycan güclüdür. Ermənistan isə küncə sıxışdırılıb. Ona görə də nə Ermənistan, nə də onun havadarları Azərbaycanın gücü qarşısında uzun müddət duruş gətirə bilməyəcək.

- Soçi görüşündən qayıdan Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanı hədələyən bəyanat verdi. Belə bir bəyanatın verilməsində məqsəd nə ola bilər?

- Ermənistan prezidenti Serj Sarkisyanın verdiyi bəyanat məhz daxili auditoriyaya ünvanlanmışdı. Çünki, bu bəyanat Ermənistandakı miqrasiya, köç əhval-ruhiyyəsinin qarşısını almağa hesablanmışdı. Belə bir bəyanat verən Sarkisyan demək istəyirdi ki, Rusiya Ermənistanın arxasındadır. Azərbaycanla müharibə olmayacaq və Ermənistanda sakit və təhlükəsiz yaşamaq olar. Bu bəyanatla Sarkisyan Ermənistan ictimaiyyətinə bu mesajı vermək istəyirdi. Əlbəttə ki, Sarkisyanın bu fikirlərini öz kreslosunu saxlamaq və siyasi divident əldə etmək üçün səsləndirilmiş fikir kimi də qəbul etmək olar. Amma onun Azərbaycanla bağlı dediyi fikirlər nə daxili auditoriyada, nə də hərbiçilər arasında istənilən effekti vermədi. Artıq həm Ermənistan vətəndaşları, həm də işğalçı ordu Azərbaycanın gücünü görüb.

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ATƏT-in təklif etdiyi prinsiplər çərçivəsində həll etməyin tərəfdarı olan Serj Sarkisyanın Azərbaycanı hədələyən bəyanatına Minsk qrupunun səssiz qalması nə ilə izah edilə bilər? Sizcə burada da ikili münasibət özünü göstərirmi?

- ATƏT-in Minsk qrupu BMT Təhlükəsizlik Şurasının mandatı ilə fəaliyyət göstərir və problemi həll etmək üçün yaradılıb. Ancaq bu, problemi həll etmir. Azərbaycanda dəfələrlə ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında tənqidi fikirlər səsləndirilib. Ona görə də hər hansı bir məsələyə ATƏT-in Minsk qrupunun münasibət bildirib-bildirməməsi Azərbaycan üçün təəccüblü deyil. Bu gün Azərbaycanın qüdrətli ordusu var və lazım gəlsə, heç bir vasitəçi olmadan, heç bir beynəlxalq quruma ehtiyac qalmadan ərazi bütövlüyünü, suverenliyini bərpa etmək gücündədir.

- Hikmət müəllim Soçi görüşündən sonra tərəflər bildirdilər ki, münaqişənın həlli sülh yolu ilə mümkündür. Bunu nəzərə alaraq münaqişənin həlli üçün hərbi yolu istisna etmək olar?

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin hərbi yolla həlli heç vaxt Azərbaycanın gündəliyindən çıxarılmayıb. Yəni, bu həll yolu daim qalmaqdadır. Azərbaycan ordusunun gücləndirilməsi, ən müasir texnika ilə təmin olunması, Azərbaycanda hərbi sənayenin inkişafı da, məhz bu məqsədə xidmət edir ki, istənilən vaxt hərbi yolla torpaqlarımızı azad etməyə qadir olaq. Bununla bağlı dəfələrlə Azərbaycanın rəsmi mövqeyi ifadə olunub. Bu məsələ daim gündəlikdədir.

Beynəlxalq münasibətlərdə "Güc Nəzəriyyəsi" var. Hesab edirəm ki, beynəlxalq münasibətlər üzrə realist mövqe tutan nəzəriyyəçilərin, siyasətçilərin istinad etdiyi son nöqtə güc olub. Ona görə hərbi güc Azərbaycan üçün də çox vacibdir. Sevindircidir ki, həmin güc bu gün var. Bu gücü artıq Ermənistan da hiss edib. Son hadisələr zamanı, onun havadarları, dünya erməni lobbisi və Ermənistanı forpost kimi Cənubi Qafqazda yaradan ölkə də hiss etdi ki, artıq Azərbaycan real hərbi, iqtisadi, siyasi gücdür. Ona görə də onlar gec-tez Azərbaycanın mövqeyi ilə razılaşmalı olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə