Millət vəkili: "Azərbaycan kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeridir"

Millət vəkili: "Azərbaycan kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeridir"

"Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, hüquqi, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclsin İnsan hüquqları komitəsinin üzvü Nəriman Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlərdən danışarkən deyib.

O bildirib ki, ölkədə Konstitusiyada təsbit olunan hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşıb, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib: "Azərbaycanda müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Konstitusiyamızın ana xətti və mahiyyəti tamamilə beynəlxalq normalara, əsas insan hüquq və azadlıqlarına uyğundur".

Millət vəkilinin fikrincə, ölkədə insan hüquqlarının müdafiəsinə dair Dövlət proqramları və digər sənədlər qəbul edilib: "Həmin sənədlərdə Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir".

Millət vəkili eyni zamanda bəzi xarici dairələr tərəfindən ölkəmizə qarşı qərəzli yanaşmaların olmasına aydınlıq gətirib. Onun sözlərinə görə, bölgədə tərəqqi və rifahın təşviqində hər zaman fəallıq nümayiş etdirən Azərbaycan başqa dövlətlərlə münasibətdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur: "Bu, həm də ölkəmizin inkişafından və gündən-günə güclənməsindən irəli gələn bir məsələdir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr bütün bunlardan qıcıqlanır. Onlar Azərbaycana təzyiq etməyə çalışır, ölkəmizin müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Ölkəmizə qarşı yönələn bu addımlar müəyyən xarici qeyri-hökumət təşkilatların vasitəsi ilə atılır. Belə təşkilatların qərəzli münasibətləri, hesabatları, Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq qəbul olunmur. Azərbaycanda insan hüquqları ilə bağlı problemlərdən danışarkən, yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasından söhbət getməlidir. Azərbaycan haqqında hesabatlar hazırlayan beynəlxalq təşkilatların heç birinin qəbul etdiyi sənədlərdə həmin insanların öz torpağında yaşamaq hüququnun qorunması məsələsini görmürük. Bu qüvvələr yalnız hansısa formada Azərbaycanın demokratik inkişafı, insan hüquqları sahəsində vəziyyətə, bir sözlə ölkəmizin təmiz imicinə zərər gətirməyə çalışırlar. Lakin bütün bunlar ölkəmizi tutduğu yoldan döndərə bilməz. Azərbaycan özünün müəyyənləşdirdiyi inkişaf yolu ilə qətiyyətlə irəli gedəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə