"Öncədən Soçi görüşünə ümidlər az idi" MÜSAHİBƏ

Məlahət İbrahimqızı: "Sarkisyanın nə savadı, nə dünyagörüşü, nə də təcrübəsi Prezident İlham Əliyevin qabağına çıxmasına imkan vermir"
"Öncədən Soçi görüşünə ümidlər az idi" MÜSAHİBƏ

Millət vəkili Məlahət İbrahimqızının SİA-ya müsahibəsini təqdim edirik

- Məlahət xanım, Ermənistan və Azərbaycan prezidentlərinin Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə olan istəklər, ümidlər özünü doğrultmadı. Bunu Sarkisyanın qeyri-konstruktiv mövqeyi ilə əlaqələndirmək olarmı?

- Bir neçə gün bundan öncə Soçidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya prezidenti Vladimir Putin, Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevin üçtərəfli görüşləri oldu. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi əsas müzakirə mövzusu oldu. Görüş öncəsi biz problemin həllində hansısa bir irəliləyişin olacağına ümid etmirdik. Çünki artıq 20 ildən çoxdur ki, münaqişə bu kontekstdə davam edir. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri məsuliyyət daşıyırlar. Çünki bu məsələnin həllində başlıca məsuliyyət onların üzərinə düşür. Ancaq bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində irəliyə doğru bir addım da olsa ata bilməyiblər. Əksinə, bir addım irəli atanda, iki addım geriyə çəkiliblər. Bunun da əsas səbəbi işğalçı Ermənistanın qeyri-konstruktiv, daha doğrusu, destruktiv mövqe sərgiləməsi ilə bağlıdır. Ermənistanın konstruktiv mövqe göstərməsi üçün bu rejimi dəstəkləyən qüvvələrin ciddi təzyiq göstərmələrinə ehtiyac var. Ermənistanın hakim rejiminə qarşı ciddi sanksiyalar tətbiq edilməlidir. Bir sözlə, Ermənistan rejimini dəstəkləyən və Dağlıq Qarabağ münaqişəsinin yaradılmasının müəllifi olan qüvvələr işğalçı ölkə olan Ermənistana ciddi sanksiyalar tətbiq etməyincə, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin həyata keçməsi üçün bu cür görüşlərə ümid olmayacaq.

- Deməli, işğalçı Ermənistana ciddi sanksiyalar tətbiq edilməsə, münaqişənin sülh yolu ilə həllinə ümid bəsləmək olmaz?

- Bu gün hər kəs bilir ki, Dağlıq Qarabağ münaqişəsinin yaradılmasında kimlərin və hansı dövlətlərin rolu var. Yəni Azərbaycanın 20 faiz torpaqlarının işğal olunmasında Ermənistanın arxasında duran qüvvələr məlumdur. Bu işğala son qoyulmasının açarı da həmin qüvvənin əlindədir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir həlledici məsələnin gözlənildiyi bir vaxtda Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə görüşü pozmağa cəhd edib. Təəssüflər olsun ki, Soçi görüşü əvvəlki görüşlərdən fərqlənmədi. Əksinə, tam durğunluğu ilə seçildi. Burada Serj Sarkisyan ikiüzlü, riyakar, təcavüzkar ampulasından çıxmayacağını da nümayiş etdirdi.

- Görüşdə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi daha çox diqqəti cəlb etdi...

- Bəli, hər zaman xalqımızın milli maraqlarını istənilən tribunada, istənilən qüvvələr qarşısında nümayiş etdirən Prezident İlham Əliyev bu görüşdə də qurur duya biləcəyimiz mövqe sərgilədi. Onun mətbuatda verilən çıxışını oxuduqca, bir vətəndaş kimi qurur duyuruq. Belə bir görüşdə Prezident İlham Əliyevin Azərbaycan xalqının ümummilli problemlərini qətiyyətlə ifadə etməsi həqiqətən də bizlərdə fəxarət hissi yaradır. Prezident İlham Əliyev öz çıxışında qeyd edir ki, "Dağlıq Qarabağ məsələsi öz həllini tələb edir". Yəni bu da o deməkdir ki, Dağlıq Qarabağ probleminin həllini xalq tələb edir.

Prezident İlham Əliyev öz çıxışında qeyd edir ki, artıq format mövcuddur, münaqişənin tənzimlənməsi üçün beynəlxalq hüquq və bunun ardınca da BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarından erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarmasını tələb edən qətnamələri mövcuddur. Prezident qeyd edir ki, 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərindədir. Yəni burada da Prezident İlham Əliyev qətiyyətlə və cəsarətlə həm vasitəçiyə - ev sahibi olan Vladimir Putinə, eləcə də mənfur düşmənimiz S.Sarkisyana üzünü tutaraq deyir ki, burada söhbət və müzakirə ancaq Dağlıq Qarabağ probleminin obyektiv müzakirə olunmasından getməlidir. Onu da deyib ki, siz işğalçısız və işğalçıya dəstək vermək məqbul deyil, qəbulolunmazdır. Çünki beynəlxalq hüquq var. Biz beynəlxalq hüquqi baza formatında bu məsələyə baxmalıyıq. Bu gün dünyada mövcud ən ali yüksək beynəlxalq təşkilat BMT-dir. BMT-nin qəbul etdiyi qətnamə çərçivəsində bu məsələyə baxılmalıdır. Belə bir görüşdə bu cür fikirləri ifadə etmək elə də asan deyil.

Ermənistan prezidenti Serj Sarkisyanın Prezident İlham Əliyevin qarşısına çıxması üçün dünyanın ən tanınmış 5-6 diplomatiya institutlarında kurs keçməlidir. Yəni Sarkisyanın nə savadı, nə dünyagörüşü, nə də təcrübəsi Prezident İlham Əliyevin qabağına çıxmasına imkan vermir. Bu gün Azərbaycan tərəfi həm iqtisadi, həm də hərbi cəhətdən güclüdür. Ermənistan isə qat-qat aşağı səviyyədədir. Ermənistanın tənəzzülü fonunda Azərbaycan ölçüyəgəlməz dərəcədə inkişaf edir. Bu isə Ermənistanın bir dövlət olaraq dağılacağından xəbər verir.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə