Sahib Alıyev: “Ali Baş Komandanın cəbhədən səsləndirdiyi fikirlər erməni havadarlarına xəbərdarlıq idi”
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhəyə səfəri tam gözlənilən idi. Bunu SİA-ya millət vəkili, siyasi şərhçi Sahib Alıyev deyib.
Onun sözlərinə görə, təmas xəttində son qarşıdurmalar iki fərqli reallığı ortaya çıxardı: "Hər kəs gördü ki, cəbhənin bir tərəfində düşməni yerlə yeksan edə biləcək, arxasında xalqın böyük dəstəyini hiss edən və hər ötən gün mövqeləri bir az da güclənən ökənin ordusu dayanıb. Eyni zamanda şahidi oldular ki, ölkəmizin və onun ordusunun başında son damla qanına qədər Vətəninə, torpağına bağlı olan Lider - İlham Əliyev durur. Ali Baş Komandan göstərdi ki, ən çətin anlarda belə öz xalqının və ordusunun başındadır. Xalq və ordu isə onun yanındadır və hücum əmrini gözləyirlər. Cəbhənin digər tərəfində isə həmişə kimlərəsə sığınanlar, onların hesabına forpost kimi var olan miskinlər dayanıb. O miskinlər ki, Azərbaycan ordusunun 90-cı illərin əvvəllərindəki ordu olmadığını son günlər bütün çılpaqlığı ilə üzərlərində hiss etdilər. O üzdən gərgin anlarda onların prezidentləri başda olmaqla bir sıra məmurları qərbə üz tutaraq oradakılardan kömək istədilər. Bu səbəbdəndir ki, Amerika, Rusiya və digər ölkələrin səfirləri ilə görüşlər keçirdilər. Ona görə katalikosları göyərçin libası geyərək şeyximizə məktub göndərdi. Cəbhədəki son olaylar bir tərəfdən Azərbaycan ordusunun gücünü, xalqın yüksək savaş əhval-ruhiyyəsini, liderimizin qətiyyət və prinsipiallığını, digər tərəfdən isə düşmənin necə miskin bir vəziyyətdə olduğunu bütün çılpaqlığıyla ortaya qoydu".
S. Alıyev bildirib ki, Ali Baş Komandanın "savaş hələ bitməyib, onun sadəcə birinci mərhələsi başa çatıb" və "Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən bir obyekti sıradan çıxara bilər" sözləri əslində o miskinlərə yox, onların himayədarlarına edilən xəbərdarlıq idi: "Ali Baş Komandan İlham Əliyev bu sözləri ilə xəbərdar edir ki, onlar himayə etdikləri ermənilərə Azərbaycan torpaqlarından çəkilmələrini tapşırsınlar. Əks təqdirdə ermənilər bu torpaqları son günlər məhv edilən onlarla əsgərləri necə tərk edibsə, o cür tərk edəcəklər".
Soçi görüşünün keçirilməsi məsələsinə gəlincə isə siyasi şərhçi deyib ki, cəhbə xəttində son zamanlar baş verən olaylar elə bu üzdən baş verib: "Hazırda Ermənistan həm səfil durumda olduğu, həm də müstəqilliklərini tam əldən verdikləri üçün ölkə rəhbərliyindən böyük narazılıq var. Ermənilərin böyük bir hissəsi ölkələrinin Avrasiya İttifaqında yer almasını istəmir. Onlar hesab edirlər ki, bu addım onların dolanışığına müsbət təsir etməyəcək. Üstəlik, Dağlıq Qarabağın bu inteqrasiyadan kənarda qalması da onları möhkəm qıcıqlandırır. Məncə, cəbhədəki bu təxribatlar onun üçün idi ki, ermənilər Azərbaycan ordusunun real gücünü öz üzərlərində hiss etsinlər. Əgər unudublarsa, anlasınlar ki, kimin sayəsində özgəsinin torpağında əyləşiblər və himayədarları olmasa onları nə gözləyir. Ona görə də Soçi görüşündən mənim böyük gözləntilərim yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB