Elşən Manafov: "Qərbin Qarabağ probleminə yanaşmasında daha çox xristian təəssübkeşliyi var" RƏY
"Keçmiş sovet imperiyasının dağılması ilə onun əhatə olunduğu ərazilərdə bir neçə münaqişə ocaqları yarandı. Bu münaqişə ocaqları Moldova, Gürcüstan və Azərbaycanı əhatə edti". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşən Mnanafov Qərbin Azərbaycana münasibətdə ikili standartdan yanaşmasına münasibətini bildirərkən deyib.
Politoloqun fikrincə, burada əsasən, xristian təəssübkeşliyi dayanır: "Moldova əsasən rusların yaşadığı Dnestryanı bölgədə, Gürcüstan Cənubi Osetiya ilə Abxaziyanın separatçı hərəkatının qurbanı olublar. Azərbaycan isə erməni təcavüzü və Dağlıq Qarabağ da daxil olmaqla ölkə ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı ilə üzləşib. Hər üç respublika eyni problemlə qarşı-qarşıyadır. Moldova və Gürcüstanda olduğu kimi, Azərbaycanın da ərazi bütövlüyü işğal səbəbindən hələlik təmin edilməyib. Hər üç respublikada işğal fonunda çoxsaylı qaçqın və məcburi köçkünlər ordusu yaranıb. Digər tərəfdən, Azərbaycan torpaqları başqa bir dövlət, Ermənistanın işğalçı ordusu tərəfindən zəbt olunub. Amma Moldova və Gürcüstanda bu mənada vəziyyət bir qədər fərqlidir. Belə ki, bu ölkələrin ərazi bütövlüyünü başqa xarici dövlətlər deyil, məhz daxildəki separatçı qüvvələr tərəfindən pozulub. Bu mənada aydındır ki, Azərbaycanın işğaldan xilas olmaq üçün beyənlxalq qanunlara söykənməklə dünya birliyinin daha geniş dəstəyinə ehtiyacı var. Amma reallığa gələndə fərqli mənzərənin şahidi oluruq. ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumlar sözdə hər üç respublikanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər. Amma buna rəğmən sözügedən qurumların Gürcüstan və Moldovanın ərazi bütövlüyülə bağlı sərgilədiyi mövqeləri nədənsə eyni tərzdə Azərbaycana münasibətdə sərgiləmirlər. Görəsən, niyə? Təəssüf ki, ATƏT də daxil olmaqla Qərb institutlarının Dağlıq Qarabağ münaqişəsinə münasibətdə sərgilədiyi ikili standart mövqeyi daha çox onların xristian təəssübkeşliyilə əlaqədar məsələlərdən irəli gəlir".
Politoloq onu da bildirib ki, zamanında, 1997-ci ildə GUAM təşkilatının yaranmasını vacib edən bir sıra geosiyasi amillər vardı: "Yəni GUAM-a daxil olan dövlətlərdən üçü, Azərbaycan, Gürcüstan və Moldova Rusiyanın dəstəyilə etnik separatizmdən əziyyət çəkən dövlətlərdir. Belə bir qurumun yaradılmasını vacib edən bir sıra amillər vardı. O amillərdən biri Xəzərin enerji resurslarını GUAM-a daxil olan dövlətlər vasitəsilə Qərbə çıxarmaq idisə, digəri MDB-yə alternativ qurum yaratmaqla onun dağılmasını təmin etmək, onu formal quruma çevirməyə xidmət edən zamanda ABŞ tərəfindən düşünülmüş və xeyir-duası ilə həyata keçirilən bir geosiyasi layihə idi. Amma həmin layihədə və enerji resurslarının Qərbə çıxarılmasında lokomotiv rolunda çıxış edən dövlət Azərbaycan olsa da, bununla belə Qərbin sözügedən münaqişələrə münasibətdə də ölkəmizə qarşı ikili standartları və xristian təəssübkeşliyi açıq-aşkar özünü şəkildə büruzə verir. Qardaş Türkiyənin Avropa Birliyinə qəbul olunması məsələsi 30 ildən çoxdur gündəmdə olsa da, hələ də öz əksini tapmayıb. Bu da zamanında Tansu Çillər və indi Ərdoğanın bəyan etdiyi kimi, Avropa Birliyi xristian dövlətlərindən ibarət klubdur. Belədə yaxın perspektivdə Türkiyənin Avropa Birliyinə qəbulu yəqin ki, mümkün olmayacaq. Deməli Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı Qərbin sərgilədiyi mövqeyini Azərbaycana münasibətdə təkrarlamaması ilk öncə Tiflisin Qərbin təhlükəsizlik sisteminə daha ciddi inteqrasiya etmək istəyindən irəli gəlir. Amma burada əsas məqam Qərbdəki ikili standartlar və xristian təəssübkeşliyindən qaynaqlanır".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB