Son günlər Azərbaycan Ermənistan təmas xəttində baş verən gərginlik gənclərin ciddi reaksiyasına səbəb olub. Belə ki, Azərbaycan ordusunun qüdrətinə əmin olan gənclər Ermənistan tərəfindən illərdir davam etdirilən bu təxribatın qarşısının alınması üçün beynəlxalq aləmə çağırış edirlər. Dünya ictimaiyyətini bu haqsız səssizliyə etiraz etməyə səsləyən gənclər dövlət başçısı tərəfindən əmr verildiyi halda torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını da bəyan ediblər.

Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov: "Bildiyimiz kimi, son günlər cəbhə bölgəsində erməni təxribatları nəticəsində 10-dan çox əsgərimiz şəhid oldu. Allah onlara rəhmət etsin və ailələrinə səbr diləyirik. Qeyd etmək yerinə düşər ki, ölkədə əhalinin 30 faizindən çoxunu, məhz gənclər təşkil edir. Həmin gənclər də informasiya diplomatiyasında olduqca güclü təbliğat işləri aparırlar. Bunu da erməni tərəfi öz mətbuat orqanlarında bəyan edirlər. Azərbaycan gəncləri qısa müddətdə öz mövqelərini açıq şəkildə nümayiş etdirə bilirlər. İstər xaricdə, istərsə də ölkəmizdə təhsil alan tələbələr bu məsələdə öz birliyini göstərdi. Bizim birliyimizlə yanaşı, bir çox təşkilatlar xarici qurumlara bəyanat ünvanladılar. Eyni zamanda Azərbaycan gəncləri könüllü olaraq cəbhədə vuruşmaq üçün Müdafiə Nazirliyinə müraciət ediblər. Təbii ki, Ali Baş Komandan İlham Əliyevin hər zaman dediyi kimi, ərazilərimizin hərbi yolla deyil, sülh şəraitində azad edilməsi hər birimizin arzusudur. Lakin əks halda, biz Azərbaycan gəncləri torpaqlarımız uğrunda canımızdan keçməyə də hazırıq".

Gənc Diplomatlar Birliyinin İdarə heyətinin üzvü Hüseyn Ələkbərli: "Erməni tərəfi diversiya qrupları, xüsusi təlim keçmiş şəxslər Azərbaycan sərhədlərini pozublar. Bununla da Ermənistan zəif mövqeyini bir daha nümayiş etdirmiş oldu. Çünki həmin dövlət dəfələrlə sərhədləri pozub atəş açırsa, bu da oradakı həyəcandan xəbər verir. Digər tərəfdən ölkə başçısı və müdafiə nazirinin cəbhə bölgəsinə səfər etməsi, eləcə də Ermənistanın müdafiə nazirinin "Dağlıq Qarabağ"a getməsi onu göstərir ki, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi sayəsində vəziyyət qismən də olsa nəzarətdən çıxmağa başlayır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan reallıqla yaşamır. Belə ki, ermənilərin hərbi texniki balansı Azərbaycan ordusundan qat-qat aşağıdır. Onu demək kifayətdir ki, ölkəmizdə təkcə hərbi sahəyə ayrılan büdcə 3 milyard 700 milyon dollardır. Bu da Ermənistanın ümumi büdcəsindən 2 dəfə çoxdur.
Eyni zamanda son vaxtlar İsrail və Rusiya ilə hərbi sahədə bir çox əməkdaşlıqlara imza atmışıq. Əgər müharibənin ikinci mərhələsi başlasa, o zaman Ermənistan tərəfi məğlub olacağını indidən anlayır. Çünki hərbi texnikamız onların gücünü dəf etməyə kifayət qədər qadirdir. Bununla yanaşı, Azərbaycanın Ermənistanda olmayan insan ehtiyatı var. Hər il on minlərlə gənci orduya göndəririk. Səfərbərlik elan olunsa, təxminən 2 milyona yaxın insan orduya cəlb oluna bilər. Ermənistanda iqtisadi çətinliklə əlaqədar insanlar ölkəni tərk edirlər. Reallıq odur ki, Serj Sarkisyan başda olmaqla, şəxsi mənafelərini ümumi ədalətdən üstün tutan digər ermənilər müharibə başlayacağı təqdirdə ölkədən hər an qaçmağa hazırdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB