Politoloq: “Qərb Azərbaycana ikili standartlar tətbiq edir” MÜSAHİBƏ
Politoloq Elşad Mirbəşiroğlunun SİA-ya müsahibəsini təqdim edirik:
- Bildiyiniz kimi, cənab prezident İlham Əliyev cəbhə bölgəsinə səfər edib. Sizcə prezidentin səfəri cəbhədəki vəziyyəti hansı istiqamətdə dəyişə bilər?
- Ali Baş Komandan İlham Əliyev göstərdi ki, o, hər zaman əsgərinin yanındadır. Bu hər şeydən əvvəl əsgərlərimizə böyük ruh yüksəkliyi, xalqımızda qələbəyə əminlik hissini yaradır. Ölkəmizin müdafiəsi əmin əllərdədir. Ali baş komandan bu məsələni daim nəzarətdə saxlayır. Müharibə aparan bir dövlət üçün bu çox önəmlidir. Cənab prezident təhlükəli əraziyə səfər etdi. Bu həm də onu göstərdi ki, hər bir əsgər də, prezident kimi heç nədən qorxmadan öndə dayanmalıdır. Xüsusilə diqqətinizə çatdırım ki, hər bir ölkənin prezidenti münaqişə olan əraziyə səfər etmək iqtidarında deyil. Bunun üçün iradə, cəsarət lazımdır. Döyüşlərin getdiyi ən gərgin vəziyyətdə cənab prezident heç nədən çəkinmədən təmas xəttində olub, əsgərlərimizlə görüşdü. Bu olduqca müsbət nəticəyə gətirib çıxarır.
- Elşad müəllim, avqustun 8-də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə görüşü nəzərdə tutulur. Sizcə Azərbaycan bu görüşdən hansı nəticələr əldə edə bilər?
- Qeyd etmək istəyirəm ki, bu görüş keçən görüşlərdən müəyyən parametrlərə görə fərqlənir. Cəbhədə vəziyyətin gərgin olduğu bir dövrdə görüşün keçirilməsi nəzərdə tutulur. Bu günə qədər keçirilən görüşlərin heç birində belə gərgin vəziyyət olmamışdı. Bildiyiniz kimi avqust ayının əvvəllərində açıq döyüşlər getdi və onun ardınca bu görüşün keçirilməsi gündəmə gəldi. Bu özü-özlüyündə münaqişəyə müəyyən təsir göstərəcək. Ermənistan və Rusiyaya bu onu göstərdi ki, Azərbaycan özünü müdafiə etmək iqtidarındadır. Düşünürəm ki, Ermənistan prezidenti özünü bu görüşdə digər görüşlərdən fərqli aparmaq məcburiyyətindədir. Məlumdur ki, Rusiya açıq şəkildə Ermənistana havadarlıq edir. Təbii ki, Rusiyanın marağında deyil ki, Ermənistan Azərbaycan tərəfindən əzilsin. Bu baxımdan Rusiya da artıq ehtiyatlı davranmaq məcburiyyətində qalacaq. Əgər geniş miqyaslı müharibə başlayarsa Rusiya Ermənistanın aqibətini çox yaxşı bilir. Buna görə də Rusiya Ermənistanı qorumaq məcburiyyətindədir. Hesab edirəm ki, bu görüşdə hər hansı razılaşma olsun. Bu razılaşma konkret münaqişənin sona çatması ilə bağlı olmayacaq. Düşünürəm ki, Atəşkəsin uzadılması müzakirə olunsun. Bundan əlavə stabilliyin təmin olunması əsas məsələlərdən olacaq. Azərbaycan daha qəti şəkildə münaqişənin tənzimlənməsinin ilkin şərti kimi özünün ərazi bütövlüyünü təmin olunmasını vurğulayacaqdır. Cəbhə bölgəsindəki sonuncu olaylar da bizim xeyrimizə müəyyən irəliləyişlərin olacağına əsas verir. Digər tərəfdən isə Rusiya hazırkı məqamda özünün pozitiv imicini formalaşdırmaq naminə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində bir addım atsın. Bildiyiniz kimi Rusiya bu gün beynəlxalq miqyasda qınanılır ki, Ukraynanın Cənub Şərqində Rusiya birbaşa iştirak edir. Qərbin sanksiyaları bu məqamda Rusiyaya qarşı yönəldilib. Rusiya bu baxımdan özünün mənfi obrazını az da olsa sındırmaq üçün sülhsevər tərəf kimi göstərmək naminə bu münaqişənin tənzimlənməsində müəyyən addım ata bilər.
- Elşad müəllim, Qərb mediasında belə fikirlər səslənir ki, cəbhədə gərginliyin yaranmasının arxasında Rusiya dayanır və bununla da tərəflər danışıq masası ətrafında oturur. Özü isə burada vasitəçilik edir və sübut etmək istəyir ki, hələ də bölgədə kifayət qədər təsir gücü var. Sizcə Rusiya bu danışıqlardan öz məqsədi üçün istifadə edə bilərmi?
- Qərblə Rusiya arasında bu gün kəskin, barışmaz informasiya münaqişəsi gedir və tərəflər bir-birilərini ittiham edirlər. Bildiyiniz kimi, Ermənistan Rusiyanın himayəsi altındadır. Orada vəziyyəti gərginləşdirmək üçün Rusiyanın diqqətinin Ukraynadan çəkinib bura yönəldilməsi naminə Rusiya fikirləşir ki, ola bilsin ki, bu gərginliyi Qərb də artıra bilər. Ermənistan diversiya qrupları Azərbaycan mövqeyinə hücum etdilər və layiqli cavablarını aldılar. Etiraf etmək lazımdır ki, hər iki tərəfin öz maraqları var. Rusiyadan başqa ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan, Fransa və ABŞ da var. Rusiyanın sadəcə olaraq bu proseslərdə aktivlik nümayiş etdirməsinin arxasında o dayana bilər ki, Fransa və Amerikaya mesaj ötürsün ki, "Bu region mənim maraq dairəmdədir. Burada ikinci və üçüncü güclərin maraqlarının mövcudluğunu qəbul etmirəm".
- ATƏT-in Minsk qrupunun həmsədrləri sözügedən görüşdə iştirak etməyəcəkləri nəzərdə tutulub. Qərb də baş verənlərə heç bir münasibət bildirmir. Sizcə, bunun arxasında nə dayanır?
- Hər şeydən əvvəl Qərbin bu mövqeyi təəssüf hissi doğurur. Çünki Azərbaycan Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində çox böyük rola malik olan dövlətdir. Azərbaycan sərhədlərində gərginliyin yaradılması və açıq müharibə riskini ortaya qoyulması Qərbin də maraqlarına ziddir. Çünki bu regionda enerji layihələri həyata keçirilir. Təbii ki, geniş miqyaslı müharibə başlasa həyata keçirilməsi nəzərdə tutulan layihələrin təhlükəsizlik məsələsi ciddi sual altında düşəcək. Ancaq buna baxmayaraq Qərb izləyici mövqedə dayanır. Dünyada qat-qat əhəmiyyətsiz problem baş qaldıranda Ağ ev, Qərbi Avropa ölkələri olanlara münasibət bildirir. Düşünürəm ki, bu onların ikili yanaşmanın açıq göstəricisidir. Doğrudur ki, onlar bəyanat verdilər ki, cəbhə bölgəsində sabitlik olmalıdır. Amma bunlar bizim bu günə qədər eşitdiyimiz sıradan bəyanatlardır. Vəziyyətin bu səviyyəyə gəlməsində Qərb də günahkardır. ABŞ-ın bir neçə ştatı qondarma Dağlıq Qarabağ Respublikasını tanıyıb, həmçinin Dağlıq Qarabağa ayrıca yardım göstərir. Halbuki vasitəçilik missiyasını həyata keçirən bir dövlətin bu cür addımları yolverilməzdir. Bütün bunlar özlüyündə xəbər verir ki, ABŞ və Qərb Azərbaycana münasibətdə ikili standartlar tətbiq edir və qeyri-obyektiv yanaşma sərgiləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB