Əli Kərimlimim müşaviri istefasının SƏBƏBİNİ AÇIQLADI

“Bir-birlərini təhqir etməyə başlayırlar…”
Əli Kərimlimim müşaviri istefasının SƏBƏBİNİ AÇIQLADI

"Əgər siyasi partiyalar ölkədəki siyasi proseslərə təsir imkanlarına malik deyillərsə, orda qalmağım öz-özümü aldatmaqdan başqa bir şey deyil". SİA-nın məlumatına görə, sözügedən fikirləri bugünlərdə AXCP sıralarından və müşavirlikdən istefa verən Rəsul Mirhəşimli istefasının səbəblərini şərh edərkən deyib.

Keçmiş cəbhəçi bundan sonra nə AXCP-nin, nə də ki, digər müxalifət partiyalarının perspektivinə inanmadığını bildirib. O, eyni zamanda seçkilərdən sonra partiya rəsmilərinin bir-birlərini günahlandıraraq təhqir etdiklərini də əsas gətirib: "Bundan sonra siyasi partiyaların perspektivinə inanmıram. Təsəvvür edin ki, müxalif partiyalar 20 ildir seçkilərdən əvvəl bir araya gəlir, birgə seçkilərə gedirlər. Seçkilərdən sonra isə aşağı səviyyəli sözlərlə bir-birlərini təhqir etməyə başlayırlar…Çünki ittihamlar çoxaldıqca xalqın bu partiyalara inamı azalır. Müxalifətdə bir yerdə ola bilməyən insanların hakimiyyətdə komandası necə formalaşa bilər? Ancaq müxalifətdə olan partiyaların bir-birinə qarşı fərqli mövqedə olmasının əsas səbəbi uğursuzluqdur. Məğlubiyyət yetim olur, ona heç kim sahib çıxmaq istəmir. Hər kəs də, bu uğursuzluğu bir-birindən görür. Yəqin uğur qazansaydılar, ittihamlar bu şəkildə geniş yayılmazdı".

Əli Kərimlinin keçmiş müşaviri siyasi prosesləri bir nəfərin üzərində qurulmasının doğru olmadığını da deyib və bunu Rüstəm İbrahimbəyov-Rəsul Quliyev faktoru ilə əlaqələndirib: "Mən İctimai Palatanın üzvü olmuşam. O zaman demişəm ki, Ərəb dünyasında baş verən proseslərin Cənubi Qafqaza təsiri ola bilməz. Çünki Yaxın Şərq başqa regiondur. Mən Milli Şura yaradılan zaman da hesab etmişəm ki, bu müxalifətin birliyinin yaradılması baxımından əhəmiyyətli hadisədir, amma qeyd etmişəm ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək, belə niyyəti də yoxdur. Vurğulamışam ki, bütün prosesi bir nəfərin üzərində qurmaq müsbət nəticə verə bilməz. Çünki biz bunu 2005-ci ildə Rəsul Quliyevin qayıdışı şousu zamanı yaşamışdıq. Seçkilərdən sonra da Milli Şuranın elə bir fəaliyyəti olmayıb. Müsavat bu qurumu tərk edib, bu gün Milli Şura iclas keçirmək üçün yer tapa bilmir və siyasi proseslərə təsir gücünə malik olmayan qurum halına çevrilib".

Bütün xəbərlər Facebook səhifəmizdə