Jirinovski: “Dünyada sülhün açarı Rusiya prezidentinin əlindədir”

Jirinovski: “Dünyada sülhün açarı Rusiya prezidentinin əlindədir”

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son toqquşmalardan və prezidentlərin Soçidə gözlənilən görüşündən danışıb.

SİA-nın xəbərinə görə, "Vestnik Kavkaza" kanalına müsahibə verən Jirinovski problemin həllinin ancaq bir çıxış yolu olduğunu bildirib: "Məsələnin çıxış yolu Rusiya dövlət başçısının mövqeyindədir. Biz bütün variantları, ssenariləri müzakirə edə bilərik. Ancaq müharibə və xarici siyasət məsələsi ancaq bir adamın- bizim dövlətimizin başçısının əlindədir. Biz müharibə istəmirik, istəmirik ki, azərbaycanlılar, ermənilər həlak olsun. Ancaq müharibə olmadan sülh əldə etmək də mümkün olmur. Hər yerdə belədir. Suriyada, İraqda, Sudanda.... İkinci Dünya müharibəsinin başa çatmasından 70 il sonra bütün dünya qan içindədir. Ukrayna, Gürcüstan, Azərbaycan, Ermənistan. Bütün bunlar pisdir. Ancaq dünyada sülhün açarı ancaq bir nəfərin - Rusiya prezidentinin əlindədir. Yüz il qabaq da belə olub, indi də belədir".

Onun sözlərinə görə, Azərbaycanda əldə olunmuş rifahı korlamağa heç kim imkan verməyəcək: "Həftəsonu Soçidə baş tutacaq görüşdə prezidentlər üçlükdə oturub danışacaqlar. Onların hər üçünü rus dili birləşdirir, Azərbaycan prezidenti İlham Əliyev rus dilində əla danışır, dünyanın ən nüfuzlu institutunu - MQİMO- nu bitirib. Atası Heydər Əliyev görkəmli adamdır. Mən onu şəxsən tanıyırdım. Dahi şəxsiyyət hamımızın simpatiyasını qazanmışdı. Düşünürəm ki, Soçidə keçiriləcək görüş zamanı prezidentlər hər hansı bir razılığa gələcəklər. Lakin bu razılaşmanın qarantı Kreml, Rusiya olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə