Azərbaycan diaspor təşkilatları beynəlxalq təşkilatları qınayır

Azərbaycan diaspor təşkilatları beynəlxalq təşkilatları qınayır

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar. Türkiyədə yaşayan həmvətənlərimiz tərəfindən son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində vəziyyətin gərginləşməsi, Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq Azərbaycana qarşı təxribat törətmələri ciddi narahatlıqla qarşılanmışdır. Həmvətənlərimiz adından Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarımız beynəlxalq təşkilatlara bəyanatlar ünvanlayaraq onları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində Azərbaycan əsgərlərinin şəhid edilməsi və dinc sakinlərin öldürülməsi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Ermənistanın bu hücumu qarşılıqsız qalmayacaq və Azərbaycan ordusu tərəfindən layiqli cavabını alacaq.

Bununla yanaşı, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) da cəbhədəki gərginliklə əlaqədar beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul edib.

Bəyanatda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı həyata keçirdiyi qətliam və soyqırımlara beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları tərəfindən heç bir siyasi, hüquqi qiymətin verilməməsi və dünya ictimaiyyətinin hələ də bu məsələyə laqeyd qalması pislənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə