Politoloq: “Rusiya Azərbaycanın təkid və tələblərini nəzərə almağa məcburdur” PROQNOZ
"Görüşün keçirilməsinə təkid edən Rusiya tərəfidir. Rusiya Azərbaycan qoşunlarının uğurlarını və ermənilər üçün xoşagəlməz nəticələrini gördükdə, atəşkəsin qorunması məqsədilə prezidentləri Soçidə görüşə dəvət etdi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın təşəbbüsü ilə keçirilməsi planlaşdırılan Soçi görüşündə Azərbaycan tərəfinin iştirak edib-etməyəcəyi ilə bağlı proqnoz verərkən deyib.
Onun sözlərinə görə, ilkin razılıq əldə edilsə də, Azərbaycan tərəfi tərəddüd edir: "Doğrudur, görüş ətrafında ilkin razılaşmalar olub, amma bildiyimiz kimi, Azərbaycan tərəfi tərəddüd edir. Çünki görüşün əsas mövzusu razılaşdırılmayıb. Belə ki, Azərbaycan atəşkəs rejiminin razılaşdırılması haqqında danışıqların aparılmasını istəmir. Yəni burada əsas olaraq işğal altında olan torpaqlarımızın azad edilməsi prinsipi dayanıb. Əgər bu məsələlər gündəliyə çıxarılacaqsa, Azərbaycan tərəfinin təkid etdiyi məsələlər danışıqlar predmeti olacaqsa, bu görüş alınacaq. Yox, əgər Azərbaycan tərəfinin tələbi nəzərə alınmayacaq, Azərbaycana qarşı atəşkəslə bağlı müəyyən təzyiqlər ediləcəksə, onda Soçi görüşünün baş tutmayacağını da proqnozlaşdırmaq mümkündür".
Politoloq onu da bildirib ki, əslində, danışıqlara təşəbbüs göstərən Rusiya Azərbaycanın tələblərini nəzərə almağa məcburdur: "Rusiyanın özü ciddi siyasi böhran vəziyyətindədir. Çünki Rusiya özü bu məsələdə çox ciddi şəkildə uduza bilər. Ona görə də danışıqlar predmetində geniş məsələlər, o cümlədən yeddi rayonun qaytarılması məsələsi yer almalıdır. Yəqin ki, danışıqlar baş tutsa, bu məsələlər bir daha qabardılacaq".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB