Nurlana Əliyeva: "Onlar öz həyatlarını torpaqlarımız uğrunda qurban veriblər"

YAP Qadınlar Şurasının sədri şəhidlərimizin yas mərasimlərində iştirak edib
Nurlana Əliyeva: "Onlar öz həyatlarını torpaqlarımız uğrunda qurban veriblər"

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev və YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev son günlər cəbhədə baş verən təxribat nəticəsində şəhid olan Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov və Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunovun yas mərasimlərində iştirak ediblər. Bu barədə SİA-ya YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva məlumat verib.

N.Əliyevanın sözlərinə görə, yas mərasimində fikirlər səslənib ki, ermənilər uzun illər Azərbaycan torpağında əmin-aman yaşayıblar, çörəyimizi yeyib, suyumuzu içiblər, indi isə bizə düşmən kəsiliblər: "Torpaqlarımızı müdafiə edən cəsur əsgərlərimiz şəhidlik zirvəsinə qalxaraq, millətimizin şərəfinə çevriliblər. Biz onlarla fəxr edirik. Onlar bizim gənclərimizə nümunədirlər. Çünki onlar öz həyatlarını torpaqlarımız uğrunda qurban veriblər".

N.Əliyeva deyib ki, ən təsirli və qürurverici fikirlərlə Mustafa Əlicoşqunovun yas mərasimində qarşılaşıb: "Mustafa Əlicoşqunovun atası dedi ki, oğlum şəhidlik zirvəsinə yüksəlib. O, mənim oğlumdur. Mən Mustafamla fəxr edirəm. O, bizim Mesxeti türklərinin adını göylərə ucaltdı. Vətənimizi müdafiə edərkən canını tapşırıb. Ona görə də onunla fəxr edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə