“Yay məktəbi” layihəsinin IV turuna start verilib

“Yay məktəbi” layihəsinin IV turuna start verilib

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin IV turuna start verilib. Bununla bağlı bu gün YAP Mərkəzi Aparatında toplantı keçirilib. Layihənin IV turu çərçivəsində Oğuz rayonuna yola düşəcək gənclərlə görüş xarakterli tədbirdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, millət vəkili Kamilə Əliyeva, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, GB-nin ofis rəhbəri Əli Pənahov və "Yay məktəbi"ndə iştirak edəcək gənclərin bir qismi iştirak ediblər.

Toplantıda çıxış edən YAP İcra katibinin müavini Siyavuş Novruzov hər il həyata keçirilən "Yay məktəbi" layihəsinin məqsədinin gənclərin bilik və bacarıqlarının, eləcə də intellektual potensiallarının artırılması, ünsiyyət imkanlarının genişləndirilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsini olduğunu vurğulayıb.

Yeni Azərbaycan Partiyasının daim gənclərə xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdıran Siyavuş Novruzov deyib ki, YAP-da təmsil olunan gənclər öz intellektual səviyyə və bacarıqları ilə nümunədirlər. Bu cür layihələrin gənclərin inkişafına xidmət etdiyini bildirən YAP İcra katibinin müavini layihə çərçivəsində müxtəlif görüş, təlim, diskussiya və interaktiv oyunların keçirilməsinin bilik və bacarıqların artırılmasına xidmət etdiyini əlavə edib. O, gənclərə layihə çərçivəsində nəzərdə tutulan proqramdan kənara çıxmamağı və intizam qaydalarına ciddi əməl etmələrini tövsiyə edib.

Sonra millət vəkili, Oğuz IV tur qrupunun rəhbəri Kamilə Əliyeva "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin əhəmiyyətindən bəhs edib. Deputat bu cür layihələrin Yeni Azərbaycan Partiyasının gənclərə göstərdiyi diqqət və qayğının nümunəsi olduğunu bildirib.

Daha sonra tədbir iştirakçılarına layihənin proqramı haqqında məlumatlar verilib.

Qeyd edək ki, Lerikə yola düşəcək gənclərlə də həmin gün görüş keçirilib. YAP-ın İcra katibinin müavini Siyavuş Novruzov çıxış edərək builki "Yay məktəbi" layihəsinin daha geniş şəkildə təşkil olunduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, 800 gənc 4 mərhələdə Lerik və Oğuzda "Yay məktəbi"ndə iştirak edəcək, Bakı şəhəri ilə yanaşı, regionlardan olan gənclər də təmsil olunacaq.

Daha sonra gənclərə müvafiq tövsiyə və tapşırıqlar verilib.

YAP Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri, Lerik turunun qrup rəhbəri Aydın Hüseynov isə gənclərə uğurlar arzulayaraq "Yay məktəbi"nin gənclərin bilik və bacarıqlarının artırılmasında səmərəli olacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə