“Sağlamlığı Məhdud uşaqların cəmiyyətə İnteqrasıyası” adlı dəyirmi masa keçirilib

“Sağlamlığı Məhdud uşaqların cəmiyyətə İnteqrasıyası” adlı dəyirmi masa keçirilib

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı Saray qəsəbəsində yerləşən 7 saylı xüsusi İnternat məktəbində "Sağlamlığı Məhdud uşaqların cəmiyyətə İnteqrasıyası" mövzusunda dəyirmi masa təşkil edib. Eyni zamanda Ramazan Bayramı ilə əlaqədar uşaqlara bayram sovqatı təşkil olunub. SİA-nın məlumatına görə,tədbir 7 saylı xüsusi İnternat məktəbinin direktoru Pərvanə Səfərovanın çıxış nitqi ilə başlayıb. P.Səfərova qonaqları salamlayıb və AGAT təşkilatına irəli sürdüyü təşəbbüsə görə təşəkkür edib. Eyni zamanda o, davamlı olaraq belə tədbirlərin keçirilməsinin tərəfdarı olduğunu qeyd edib. Görüş çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi öz növbəsində AGAT-ın bu təşəbbüsünü xüsusi qiymətləndirdiyini diqqətə çatdırıb. Ömər Abdullayev dövlətin xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və qayğı barədə söz açıb. Sonra o, respublikamızda yerləşən reabilitasiya mərkəzi və onların fəaliyyəti barədə məlumat verib.

Həmçinin Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova öz çıxışında ölkə başçısı İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın sağlamlığı məhdud, xüsusi qayğıya ehtiyacı olan insanlara qayğısı barədə danışıb. Gülsel Səfərova qeyd edib ki, AGAT "WorldVision Azərbaycan"humanitar təşkilatı ilə "Əlillərin cəmiyyətə İnteqrasiyası" mövzusunda layihə həyata keçirir: "Bu tədbir həm də qeyd olunan proqram çərçivəsində keçirilir. Belə ki, bu tədbirin məqsədi ölkəmizdə uşaq hüquqları sahəsində keçirilən fəaliyyətlər, bu istiqamətdə dövlət siyasəti və tərbiyəçi-uşaq münasibətləri mövzusuna toxunmaqdır".

Tədbirdə həmdə xeyriyyə məqsədilə Bakı Elektrik Şəbəkəsinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri də iştirak edib.

Tədbirdən sonra biznes etika üzrə təlimçi Günel İbrahim İnternat məktəbinin kollektivinə tərbiyəçi və uşaq münasibətləri mövzusunda təlim keçib. Təlim zamanı Günel İbrahim həm də tərbiyəçilər və uşaqlar arasında münasibət üzrə psixoloji testlər keçirdib. Görüşün ikinci hissəsi isə bədii formatda olub. Belə ki, AGAT-çılar və xeyriyyə məqsədilə iştirak edən digər qonaqlar uşaqlarla xeyli vaxt keçirdi və onlara bayram sovqatları hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə