Milli Şuradan daha bir İSTEFA GÖZLƏNİLİR

Vaqif Mahmudov: “Bu, müxalifətin yaratdığı acı tale yaşayan birliklərdən biri idi”
Milli Şuradan daha bir İSTEFA GÖZLƏNİLİR

Fəaliyyətinə son qoyulmuş Açıq Cəmiyyət Partiyasının keçmiş funksioneri, eks-spiker Rəsul Quliyevə yaxınlığı ilə seçilən Vaqif Mahmudov Milli Şura sıralarından gedəcəyini istisna etməyib. SİA-nın məlumatına görə, məsələyə münasibətini bildirən Vaqif Mahmudov deyib ki, o, faktiki olaraq Milli Şurada yoxdur və qurumun tədbirlərində də iştirak etmir: "Düzdür, bu qurumdan çıxmaq məqsədilə bəyanat verməmişəm, amma fikrim bəllidir. Orada iştirak etməməyimin ciddi səbəbləri var".

Keçmiş ACP rəsmisi bunu belə əlaqələndirib ki, Milli Şura artıq öz əhəmiyyətini itirib və orada iştirak etməyə dəyməz: "Elə indi də Milli Şuranın üzvləri toplantılara gəlib iştirak etmirlər. Təsəvvür edin ki, sonuncu dəfə 129 Milli Şura üzvünün 49-u toplantıda iştirak edib. Bu, əslində o deməkdir ki, Milli Şura bitib. Onlar məni necə istəyirlərsə, başa düşsünlər. Milli Şura artıq 1999-cu ildən bu yana yaradılan və sonra da pis vəziyyətə qalan təşkilatlardan biri olaraq arxivə qovuşdu. Mən artıq bu qurumda perspektiv görmürəm. Bu müxalifətin yaratdığı acı tale yaşayan birliklərdən biri idi. Hazırda da fiaskoya uğradı. Məncə, nə qədər çalışsalar da, onu reabilitasiya edə bilməyəcəklər".

Vaqif Mahmudov adıçəkilən qurumu yaradan partiyaların daha öncələr də bu kimi təşkilatlarda birləşib-ayrıldıqlarını xatırladıb: "Əslində, Milli Şuranı quran partiyalar və fərdlər indiyə qədər bir neçə dəfə birləşiblər, sonra isə ayrılıblar. Bu, gələcəkdə də gözləniləndir".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə