Aydın Mirzəzadə: “Müşavirədə səslənən rəqəmlər Azərbaycanın inkişaf xəttinin düzgün götürüldüyünə dəlalət edir” MÜSAHİBƏ

Aydın Mirzəzadə: “Müşavirədə səslənən rəqəmlər Azərbaycanın inkişaf xəttinin düzgün götürüldüyünə dəlalət edir” MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin SİA-ya müsahibəsi:

- Aydın müəllim, iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədriyi ilə həyata keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının əhəmiyyətini necə şərh etmək olar?

- Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı bu gün çox böyük müzakirə mövzusudur. Çünki vaxtaşırı keçirilən bu tədbirlərdə ölkənin sosial-iqtisadi inkişafına yekun vurulur və qarşıda duran vəzifələr müzakirə edilir. Ölkə başçısının çıxışında və sonradan hökumət üzvlərinin prezident qarşısındakı məruzəsində Azərbaycanın iqtisadi inkişafının sürətlə getdiyi göstərilir. Son altı ayda Azərbaycanın iqtisadi artımı 2.1 faiz təşkil edib. Qeyd edim ki, bu heç də kiçik rəqəm deyil. Çünki Azərbaycanın dövlət büdcəsi 26 milyard, valyuta ehtiyatı isə 55 milyard ABŞ dollarına çatıb. Ümumiyyətlə qarşıya qoyulan vəzifələr çox böyük faizlə yerinə yetirilir. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı durmadan artır, ölkəmizin infrastrukturu yenilənir, yol infrastrukturu kökündən dəyişir. Həmçinin ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı böyük işlər görülür. Ötən il Azərbaycan sahibkarlarına aşağı faizlə 300 milyon dollar kredit verilib. Bu da kiçik və orta biznesin inkişafına böyük dəstəkdir. Eyni zamanda Azərbaycanın xarici ticarət əlaqələri durmadan artır. Artıq 100-dən çox ölkə ilə xarici ticarət əlaqələrimiz mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin iclasın sonunda bu inkişaf sürətini artırmaq, tempini yüksəltmək, inflyasiyanı 1.6 faiz həddində saxlamaq barəsində tapşırıqları hesab edirəm ki, icra strukturları qarşısında böyük vəzifələrdir. Bütün bunlar əhalinin sosial vəziyyətinin artmasına gətirib çıxarır. Bu gün Azərbaycanda orta aylıq əmək haqqı 440 manata çatıb. 2003-cü ildən bəri 1 milyon 300 min yeni iş yeri açılıb. Bunun 1 milyonu daimidir. Ötən 6 ay ərzində 60 mindən çox yeni iş yeri açılıb ki, bu göstərici artmaqda davam edir. Maraqlısı ondan ibarətdir ki, iş yerləri artıq yüksək intellektual hazırlıq və texnologiyalar tələb edən edən yerlərdir. Bu da Azərbaycan iqtisadiyyatı üçün yenidir. Yəni, Azərbaycan artıq onun üçün ənənəvi olmayan iqtisadiyyat sahələrinin inkişafına da diqqət edir. Hesab edirəm ki, ötəngünkü iclas və səslənən rəqəmlər Azərbaycanın inkişaf xəttinin düzgün götürüldüyünə və bundan sonra da bir dövlət kimi daha da qüdrətlənməsinə dəlalət edir.

- Şahdəniz-2, TANAP və TAP-ın Avropanın enerji xəritəsini dəyişdirəcəyini deyən Prezident İlham Əliyev bununla bir daha Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi önəmə malik olduğunu bildirmiş oldu. Bu haqda sizin fikirlərinizi alardıq.

- Bu, bir fikirdir. Azərbaycan enerji resurslarının çoxluğuna görə dünyada öndə gedən ölkələrdən biri deyil. Ancaq, kiçik bir ölkə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişməyə kömək edəcək. Yəni Azərbaycanın nefti və qazı dünya bazarının şaxələnməsinə, tam yeni xətlərlə təbii qazın Avropa bazarına ixracına gətirib çıxaracaq. Qeyd edim ki, Yaxın Şərqdəki gərgin vəziyyəti nəzərə alaraq Azərbaycan enerji ehtiyatlarını Avropa bazarına çıxarması həm regionun enerji təhlükəsizliyini təmin edəcək, həm Azərbaycanın dövlət kimi əhəmiyyətini artıracaq. Eyni zamanda dünyanın enerji təhlükəsizliyi siyasətinə yenidən baxmasına gətirib çıxaracaq.

- Müşavirədə Prezident İlham Əliyev bir daha bildirdi ki, ərazi bütövlüyü beynəlxalq hüququn əsas norma və prinsiplərindəndir. Bu o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın iddialarının reallığına imkan verilməyəcək. Bu haqda siz nə deyə bilərsiniz?

- Azərbaycan əvvəldən də bu istiqamətdə işlər aparırdı. Artıq xeyli nəticələr əldə olunub. 2002-ci ildə Azərbaycanın dövlət büdcəsi 1.2 milyard dollar idi. Həmin dövrdə ölkə başçısı çıxışlarının birində bildirdi ki, vaxt gələcək Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər olacaq. Hazırkı dövrdə Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyan Argentinada səfərdə olarkən bu ölkənin nüfuzlu "La Nasional" qəzetinə müsahibəsində Azərbaycanın hərbi qüdrətinin artmasından Ermənistanın böyük narahatçılıq hissi keçirdiyini bildirdi. Bunun özü göstərir ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın tutduğu mövqe doğrudur. Bir zamanlar Prezident İlham Əliyev bildirdi ki, biz Ermənistana hər tərəfli təzyiq göstərəcəyik və bu torpaqlarımız işğaldan azad olunmayana qədər davam edəcək. Bu təzyiq Ermənistanın blokadada saxlanılmasından, hərbi qüdrətimizin artırılmasından, sülh danışıqlarında Azərbaycanın hücum mövqeyindən çıxış etməsindən ibarətdir. Bu gün Ermənistanın qoşunlarını işğal olunmuş torpaqlarımızdan çıxarmaqdan başqa çıxış yolu yoxdur. Hesab edirəm ki, Azərbaycanın yeritdiyi siyasət Dağlıq Qarabağ probleminin həlinin çox da uzaqda olmayan bir dövrdə həllinə gətirib çıxaracaq.

- Müşavirənin keçirilməsi və Prezident İlham Əliyevin geniş, məzmunlu çıxışı artıq dünya KİV-lərinin müzakirə mövzusuna çevrilib. Sizcə, daha çox diqqətə səbəb olan məqamlar nədən ibarətdir?

- Hesab edirəm ki, Azərbaycanın müstəqil siyasət yeritmək qabiliyyəti dünya mətbuatının diqqətini cəlb edir. Yəni, Azərbaycan kimi təbii ehtiyatları çox olan, ölkəmiz kimi geosiyasi mövqeyi olan dövlətlər çoxdur. Amma, onların mütləq əksəriyyətinin nə iqtisadi inkişafları, nə də müstəqil siyasətləri var. Azərbaycanın həm təbii sərvətlərə sahib olması, həm dünya ilə bərabər səviyyədə danışması, müstəqil siyasət yeritməsi, Şərq, müsəlman dövləti olmasına baxmayaraq sivil, Avropa dəyərlərinin olduğu bir dövlət qurması dünya mətbuatının diqqətini cəlb edir. Azərbaycan hər il beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Məsələn, gələn il I Avropa Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək. Bu gün mötəbər tədbirə ciddi hazırlıq gedir. Ümumən hadisələrin gedişatı göstərir ki, Azərbaycan möhtəşəm bir ilkin oyunlar keçirə biləcək. Şübhəsiz ki, Azərbaycanın dövlət quruculuğu siyasəti dünya dövlətlərinin diqqətindədir və bir çoxları bu təcrübəni öyrənməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə