Elman Nəsirli: “Belə tədbirlər xarici siyasətimizin bundan sonra qarşıda duran prioritet istiqamətlərini müəyyənləşdirir”
"Azərbaycanın xaricdəki diplomatik nümayəndə rəhbərlərinin vaxtaşırı müşavirələrinin keçirilməsi nəticə etibarı ilə xarici siyasətimizin ötən illər ərzində qazandığı uğurlarına və qarşıda duran məsələlərə qiymət verilməsi baxımından əhəmiyyətlidir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli Bakıda keçirilən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsinin əhəmiyyətindən danışarkən deyib.
E. Nəsirli qeyd edib ki, ölkəmizdə keçirilən belə tədbirlər xarici siyasətimizin bundan sonra qarşıda duran prioritet istiqamətlərini müəyyənləşdirir: "Prezident İlham Əliyevin ötən gün ölkəmizdə keçirilən müşavirədəki çıxışı diplomatlarımızın qarşısına yeni vəzifələr qoydu. Ölkə başçısı həmçinin diplomatlara təklif və tövsiyələrini vermiş oldu. Dövlət başçısı çıxışı ilə ölkənin xarici siyasətinin ən mühüm məsələlərinə dair analitik fikirlərini, yanaşmalarını ifadə etdi. Bu baxımdan müşavirə çox böyük əhəmiyyətə malikdir. Müşavirədə təkcə xarici ölkələrdəki Azərbaycanın diplomatik korpus rəhbərləri deyil, eyni zamanda xarici ölkələrin Azərbaycandakı təmsilçiləri də iştirak edirlər. Bu, Azərbaycanın xarici siyasəti və onun istiqamətlərinin bir daha dünyada bəyan edilməsi, ölkəmizin yeritdiyi siyasətin mahiyyət və məzmununun izahı baxımından olduqca mühüm hadisədir. Dövlət başçısının müşavirədə iştirakı və səfirlər qarşısında çıxışı həmin iclasın əhəmiyyətini xeyli çoxaldır və böyüdür ".
Müşavirənin əhəmiyyətindən danışan politoloq vurğulayıb ki, toplantı Azərbaycanın xarici siyasətinin qarşısında dayanan və yerinə yetirilmiş vəzifələrə qiymət verilməsi baxımdan da əhəmiyyətlidir.
O, müşavirənin Qarabağ münaqişəsinin həlli baxımından da mühüm olduğunu qeyd edib: "Xarici siyasətimizin bir nömrəli məsələsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Diplomatlarımız münaqişə ilə bağlı atacaqları addımlarında çevik yanaşmalar nümayiş etdirməlidirlər. Müşavirədə məsələnin həlli ilə əlaqədar diplomatların davranış xüsusiyyətləri müzakirə olunacaq, mövzu ilə əlaqədar lazımi suallar cavablandırılacaq. Bütün bunları nəzərə alsaq, sözügedən müşavirənin əhəmiyyətli olduğunu söyləmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB