Siyasi şərhçi: “Gürcüstanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dedikləri ritorikadır” AÇIQLAMA

Siyasi şərhçi: “Gürcüstanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dedikləri ritorikadır” AÇIQLAMA

"Gürcüstan iki qonşusu arasındakı "balansı" Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə dəyişdi". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz direktorunun sözlərinə görə, Gürcüstanın Azərbaycana münasibəti təhlükəli həddə yaxınlaşa bilər: "Bu vaxtadək Gürcüstan Azərbaycan və Ermənistanla bərabər münasibətlər saxlayırdı. Gürcüstanın iki qonşusuna eyni münasibəti Azərbaycan üçün məqbul deyildi. Lakin Azərbaycan xalqının mentalitetindən doğan bəzi məsələlərə görə rəsmi Bakı bunlara dözürdü. İndi Gürcüstan iki qonşusu arasındakı balansı Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə dəyişdi. Aİ-lə assosiativ müqavilə imzalamaq ərəfəsində rəsmi Tbilisi Ermənistana yönəli müsbət addımlar atdığı halda, Azərbaycanı şantaj obyektinə çevirdi. Guya Marneulidə azərbaycanlıları qızışdıran müxalifətçi deputatlar bu işi Bakının təlimatı ilə reallaşdırırmışlar və Bakıdakı adamlarından 1 milyon dollar pul alarkən yaxalandılar. Gürcüstanın indiki hakimiyyətinin Saakaşvilinin hakimiyyətinin təmsilçilərinə qarşı siyasi ehtirasının ucu-bucağı yoxdur. Hətta İvanişvilinin tərəfdarı olan indiki hakimiyyət M.Saakaşvilini günahlandırmaq üçün 2008-ci ilin avqust müharibəsində Rusiyanı təmizə çıxardılar. Guya müharibəni Rusiya deyil, Saakaşvili başlayıb. Buna baxmayaraq, Azərbaycanı şantaj obyektinə çevirməsini indiki hakimiyyətdən gözləmək heç kimin ağlına gəlmirdi. Belə ki, bu gün Gürcüstanın daxilində nə varsa birbaşa və ya dolayısı yolla Azərbaycanla əlaqəlidir. Rəsmi Bakının dəstəkləmədiyi siyasi qüvvə Gürcüstanda uzun müddət hakimiyyətdə qala bilməz. Qaribaşvili hakimiyyəti isə Azərbaycana qarşı bu təhqirli addımı atdı. Rəsmi Bakı Gürcüstandakı azərbaycanlılardan istifadə etmək niyyətində olsaydı, Gürcüstanda indi fərqli mənzərə yaranardı. Rəsmi Bakı eks-prezident Z.Qamsaxurdiyanın antiazərbaycan, radikal milliyyətçi şüarlarına zərrə qədər reaksiya vermədi. Eks-prezident E.Şevarnadze Azərbaycanın iqtisadi imkanlarını Gürcüstana cəlb etməkdə böyük uğurlar əldə etsə də, Azərbaycanın Qarabağ probleminin həllində heç bir addım atmadı. Rəsmi Bakı bir dəfə də olsun eyham vurmadı. M.Saakaşvilinin dövründə azərbaycanlılar sıxışdırılarkən, azərbaycanlılar yaşayan regionlardakı torpaqların hindlilərə, Cənubi Afrikadan və Latın Amerikasından olan şəxslərə simvolik qiymətə satılarkən rəsmi Bakı heç bir reaksiya vermədi. Gürcüstandakı azərbaycanlılar indi də torpaqsızdır və indiki hakimiyyət də bu məsələyə zərrə qədər diqqət ayırmır. Rəsmi Bakı bir dəfə də olsun münasibət bildirməyib.

İndi Azərbaycanın investisiyaları hesabına Gürcüstanda qazlaşdırma prosesi gedir. Rəsmi Tbilisinin hazırladığı plana görə Gürcüstanın ermənilərlə məskunlaşan əraziləri Gürcüstanın azərbaycanlılarla məskunlaşmış ərazilərinə nisbətən daha intensiv qazlaşdırılır. Rəsmi Bakı buna da münasibət bildirməyib. Azərbaycanın şirkətləri Gürcüstanın ermənipərəst proqramının icrası ilə məşğuldur. Gürcüstanın siyasiləri, QHT təmsilçiləri və jurnalistləri dəfələrlə Dağlıq Qarabağda olublar. Rəsmi Tbilisi öz vətəndaşlarını tənbeh etməyib. Rəsmi Bakı bunlara da reaksiya verməyib. Gürcüstanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki indiki guya balanslı mövqeyi erməninin haqq olduğunu göstərən mövqedir. Xarici ekspertlər üçdövlətli regionda bir-birilə konfliktdə olan iki dövlətin hansının düz mövqedə olduğunu müəyyənləşdirmək üçün üçüncü dövlətin mövqeyini öyrənirlər. Gürcüstanın mövqeyinin tədqiqindən belə başa düşülür ki, Gürcüstan Azərbaycandan dolandığına görə neytral qalıb. Əgər Gürcüstan Azərbaycandan pul qazanmasaydı yəqin ki, aşkar şəkildə Ermənistanın tərəfini saxlayardı. Rəsmi Bakı Gürcüstanın belə antiqarabağ siyasətinə reaksiya verməyib. Gürcüstanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dedikləri ritorikadır".

Bütün xəbərlər Facebook səhifəmizdə