“Dağlıq Qarabağ ermənilərinin müstəqillik uğrunda mübarizə aparması absurddur” AÇIQLAMA
"Avropa İqtisadi Birliyinə qoşulmaq üçün Ermənistan ya işğalçılıqdan imtina etməli, ya da RF-in tərkibinə girməlidir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsində Ermənistan üçün həm iqtisadi, həm də siyasi xarakterli ciddi problemlər yaranıb: "Rusiya problemlərin əsas qaynağı kimi Qazaxıstanı təqdim etsə də, Belorusiyanın da Ermənistanın AİB-ə üzvlüyündə maraqlı olmadığı aydındır. Rəsmi Astana və Minskin bu mövzuda əsas maraqları iqtisadiyyat üzərində qurulub: Ermənistan külli-miqdarda xarici borcu olan, iqtisadi inkişaf perspektivi olmayan dövlətdir. Qazaxıstan və Belorusiya "Ermənistan" adlı borc yükünü öz üzərilərinə götürmək istəmirlər. Bundan əlavə, hər iki dövlətin sözügedən üzvlüklə bağlı siyasi iradları da var. Ermənistan qonşusu Azərbaycanın torpağını işğal edib və bu zaman müxtəlif dövlətlərin imkanlarından yararlanıb. Ermənistanın indiki işğalçılığının davam etməsi Rusiyanın hesabınadır. Ermənistanı dəstəkləməklə Qazaxıstan və Belorusiya Rusiyanın MDB məkanındakı separatizm və işğalçılıq siyasətinə dəstək vermiş olurlar. Bu isə gələcəkdə hər iki dövlətə qarşı çevrilə bilər. Qazaxıstan və Belorusiya Rusiya siyasətinin sərt üzünü daha çox müşahidə ediblər; sadəcə malalamağı yaxşıca bacarıblar. Rusiyanın MDB məkanındakı separatizm və işğalçılıq trendinə "dur" demək üçün Astana və Minskin əlinə yaxşıca fürsət düşüb. Ermənistanın geriyə, AİB-dən uzaqlaşmağa yolu yoxdur, RF buna imkan verməyəcək. İki mümkün variant var:
- birinci variant Ermənistanın işğalçılıqdan imtinasından ibarətdir. Ermənistan Azərbaycan torpaqlarını azad edir, Azərbaycanla iqtisadi əməkdaşlığa rəsmi Bakını razı salır, regional iqtisadi layihələrə qoşulur. Bununla da Ermənistan özünə iqtisadi perspektiv yaradır, həm də işğalçılığın ziyanlı olduğu mesajını verir;
- ikinci variant Ermənistanın Kallinqrad vilayəti statusu ilə Rusiyanın tərkibinə daxil olmasıdır. Qazaxıstan və Belorusiyanın Ermənistanın AİB üzvlüyünə maneçilik siyasəti indi Rusiyanın xeyrinədir. Təzyiq altında qalan Ermənistan Rusiyanın əmrlərini daha rahat yerinə yetirəcəkdir. Ermənistan üçün təzyiq vacibdir və göründüyü kimi hal-hazırda təkcə Rusiya təzyiq etmir".
Mübariz Əhmədoğlu deyib ki, Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın ortalığa qoyduğu ideyalarda da pərakəndəlik və məntiqsizlik davam etməkdədir: "Ermənistan prezidentinin fikrincə, Dağlıq Qarabağ "xalqı" milli azadlıq uğrunda mübarizə aparıb. Ona görə dünyada heç kim Dağlıq Qarabağ ermənilərinin müstəqilliyinə laqeyd qala bilməz.
- Əvvəla, Dağlıq Qarabağ ermənilərinin müstəqillik uğrunda mübarizə aparması absurddur. Dağlıq Qarabağ erməniləri SSRİ-ni dağıtmaq məqsədilə Azərbaycan SSR-in tərkibindən çıxıb, Ermənistan SSR-in tərkibinə daxil olmaq uğrunda fəaliyyət göstəriblər. Sonradan Ermənistanın tərkibinə birləşməyin alınmayacağını başa düşdükləri üçün müstəqil olmaq ideyasını ortalığa atdılar. Ermənistanda eks-prezident R.Koçaryanla indiki prezident S.Sərkisyan arasında gedən son mübahisələr də bunu sübut edir. R.Koçaryan və S.Sərkisyan hər ikisi Qarabağ klanının üzvü olub, Qarabağ hərəkatına ikinci dalğada və eyni vaxtda qoşulublar. R.Koçaryan Dağlıq Qarabağda və Ermənistanda hansı vəzifə tutubsa, S.Sərkisyanı həmişə özündən sonrakı vəzifəyə təyin edib. Hansı vəzifədə olmasından asılı olmayaraq, S.Sərkisyan R.Koçaryanın ən yaxın adamı olub. S.Sərkisyanın Ermənistanda prezident seçilməsinin əsas səbəbi R.Koçaryanın "ailəsini yalnız ona etibar etməsi" olub. R.Koçaryan AİB-ə Ermənistanın üzvlüyü fonunda Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin qurulması mövzusu qızışan zaman bəyanat verdi və bildirdi ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir. Dağlıq Qarabağda başlanan hərəkatın məqsədi də Ermənistana birləşməkdir. Ona görə heç kim Dağlıq Qarabağla Ermənistan arasında nəzarət keçid məntəqəsi qoya bilməz. S.Sərkisyan isə Dağlıq Qarabağın ayrıca ikinci erməni respublikası olduğunu bildirdi və Ermənistanın AİB-ə öz bildiyi sərhədlər çərçivəsində daxil olacağını bəyan etdi. Hər-halda R.Koçaryan və S.Sərkisyanın mübahisəsi aydın nümayiş etdirir ki, ermənilər arasında Qarabağın müstəqilliyi, yoxsa Ermənistana birləşdirilməsi ilə bağlı fikir ayrılıqları mövcuddur;
- ikincisi, S.Sərkisyan belə başa düşür ki, milli azadlıq mübarizəsi beynəlxalq hüquqda təsbit olunmuş məsələdir; BMT Nizamnaməsində və Helsinki Yekun Aktında əks olunub. Əslində, milli azadlıq mübarizəsi heç bir hüquqi məsələ deyil. Görünür, S.Sərkisyan savadsızlığından ətrafındakılar bu şeyləri ona başa sala bilmirlər.
S.Sərkisyanın istifadə etdiyi anlayışlardan biri də Ermənistanın Avroasiya İqtisadi Birliyinə "öz başa düşdüyü ərazilərilə" daxil olması ifadəsidir. Bununla da o Ermənistanla birlikdə Dağlıq Qarabağın AİB-ə üzv olacağını bildirir. S.Sərkisyan unudur ki, Ermənistanın AİB-ə BMT-nin tanıdığı sərhədlər çərçivəsində üzvlüyü belə Ermənistanın özündən asılı deyil. Rusiya Ermənistanı BMT sərhədləri çərçivəsində AİB-ə daxil olmağa məcbur edir. AİB-in digər iki təsisçisi Qazaxıstan və Belorusiya konsensus vermirlər.
S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsinin yubanması ilə bağlı yeni açıqlama verdi. Bu açıqlaması onun savadsızlığının və riyakarlığının ən yüksək dərəcəsi idi. Onun fikrincə, tənzimlənməmənin səbəbi ATƏT MQ vasitəçilərinin ortalığa qoyduğu sənədlərin Azərbaycan və Ermənistan tərəfindən müxtəlif cür anlaşılmasıdır. ATƏT MQ 20 ildən çox fəaliyyətdədir. S.Sərkisyanın yüksək vəzifədə olması isə 15 ili ötüb. Bunun son 7 ilini Ermənistanın baş naziri və prezidenti vəzifəsində keçirib. Bu dövr ərzində ATƏT MQ həmsədrlərilə iyirmidən çox görüş keçirib. Hər görüşdə ATƏT MQ həmsədrlərindən 5-10 cümlə söz soruşsaydı vasitəçilərin ortalığa qoyduğu sənədləri düzgün oxumağa nail ola bilərdi. 2009-cu ildən etibarən isə həmsədr ölkə prezidentləri ortalığa "Madrid Prinsiplərinin Yenilənmiş" variantı adlı sənəd qoyublar və bu sənədi dəyişmək fikrində deyillər. Təxminən bir vərəqdən bir az çox həcmi olan sənədi S.Sərkisyanın beyni 5 il ərzində mənimsəmirsə, bunun günahını özündə axtarmalıdır. S.Sərkisyanın ATƏT MQ-nin Dağlıq Qarabağ tənzimlənməsilə bağlı sənədlərinin müxtəlif cür anlaşılması ilə bağlı fikri vasitəçiləri dərhal hərəkətə gətirməli idi. Görünür, vasitəçilər dinc yolla tənzimlənməyə tamamilə inamlarını itiriblər, ümidləri qırılıb. Ona görə hətta növbətçi bəyanatla da izah verməyə güc tapmadılar. DQ tənzimlənməsilə bağlı E.Nalbandyanın son mövqeyi də, başqa sözlə, əvvəlcədən başladığı və indi davam etdirdiyi mövqe də paradoksaldır. O Ermənistanla ATƏT MQ-nin Dağlıq Qarabağ tənzimlənməsində mövqelərinin eyni olduğunu bildirir. Almaniya xarici işlər naziri ilə Berlində, ATƏT sədri ilə Yerevanda görüşərkən ATƏT MQ ilə Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyinin eyni olduğunu bildirdi. Paradoks orasındadır ki, ATƏT MQ həmsədrləri 12 mayda verdikləri bəyanatda Dağlıq Qarabağ ətrafındakı əraziləri "işğal olunmuş ərazilər" adlandırdı. Deməli E.Nalbandyan da Dağlıq Qarabağ ətrafındakı rayonları işğal olunmuş ərazilər hesab edir. E.Nalbandyanın Dağlıq Qarabağ tənzimlənməsində daha bir mövqeyi ondan ibarətdir ki, dinc tənzimlənmədə alternativ təkliflər yoxdur və olmayacaq. Lakin bununla yanaşı ermənilər ortada olan varianta razılıq vermirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB