"Bildiyimiz kimi, Ərdoğan və onun partiyası 2002-ci ildən Türkiyədə hakimiyyətdədir və o, iqtidarda olduğu illərdə bu ölkənin iqtisadiyyatı həddindən artıq sürətlə inkişaf edib. Keçən müddət ərzində Türkiyə iqtisadiyyatının kifayət qədər artdığı barədə məlumatlar da mövcuddur". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli Türkiyədə prezident seçkiləri öncəsi əsas namizədlər kimi qəbul edilən Ərdoğan-İhsanoğlu rəqabətində kimin daha şanslı görünməsinə münasibətini bildirərkən deyib.
Politoloqun fikrincə, Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndə ümumidaxili məhsul 150 milyard dollar təşkil edirdisə, hazırda bu rəqəmin 798 milyarda çatdığı haqqında məlumatlar var: "Artıq indiki Türkiyə iqtidarı belə hədəf götürüb ki, Türkiyə Cümhuriyyətinin 100 illiyinə, yəni 2023-cü ilə qədər ümumdaxili məhsul 2 trilyon dollara çatdırılmalıdır. Bütövlükdə, Türkiyənin beynəlxalq mövqeləri də möhkəmlənib və bu ölkə çox ciddi regional faktora çevrilib. Hətta bəzi analitiklər bir az da irəli gedərək deyirlər ki, Türkiyə artıq regionun fövqəldövlətinə çevrilməkdədir. Bu inkişaf, bu sıçrayış məhz Ərdoğanın hakimiyyətdə olduğu illərə təsadüf edir. Baxmayaraq ki, Türkiyə həyatında bu illər ərzində müəyyən ziddiyyətlərin, qarşıdurmaların olduğunu da inkar etmək olmaz".
Elman Nəsirli eyni zamanda bildirib ki, baş verənlərə rəğmən, son bələdiyyə seçkilərində də hakim İnkişaf və Ədalət Partiyası qalib gəlib: "Məsələyə bu kontekstdən yanaşdıqda qənaətə gəlmək olar ki, istənilən halda Ərdoğanın qarşıdan gələn prezident seçkilərində öz rəqibinə qalib gəlmək şansları böyükdür. Xüsusilə, onun rəqibi Ekmələddin İhsanoğlunu götürsək, deyə bilərik ki, onun Türkiyə cəmiyyətində elə də böyük populyarlığı yoxdur. Hesab edirəm ki, onu siyasi dairələrdə daha yaxşı tanıyırlar və belə olan zaman nəzərə alsaq ki, o seçki elektoratında elə də tanınmış adam olmadığından, onların qarşısında hər hansı bir əhəmiyyətli iz buraxmadığından, Ərdoğanın İhsanoğluna qalib gəlməsi elə də müşkül məsələyə çevrilməyəcək. Ona görə də bu reallığı nəzərə alaraq etiraf etməliyik ki, Türkiyənin müxalifətində olan qüvvələri Ərdoğana qarşı İhsanoğludan daha ciddi rəqib ola bilərdilər. Amma İhsanoğlu hesab edirəm ki, Ərdoğana qarşı ciddi opponent statusunda çıxış etməyəcək. Ona görə də bir daha qeyd etmək istərdim ki, Ərdoğanın qalib gəlmək potensialı daha genişdir, daha böyükdür. Yəni xalqın da ilk dəfə iştirak edəcəyi bu seçkidə hazırkı iqtidarın namizədinin qalib gələcəyini daha çox proqnozlaşdırmaq mümkündür".
Elman Nəsirli Türkiyənin seçkilərdən sonra parlament respublikasından prezident üsul-idarəçiliyinə keçməsi ehtimalına da toxunaraq bu halın baş verəcəyini istisna etməyib: "Prezidentin səlahiyyətləti bu halda genişlənir və hadisələrin gedişatı da göstərir ki, Ərdoğan daha çox xarizmatik liderdir və belə olan təqdirdə Türkiyənin baş nazir səlahiyyətləri daha genişdir. Lakin Ərdoğan Prezident olub, baş nazirin kölgəsində qala biləcək siyasətçi də deyil. Bu nöqteyi nəzərdən hesab edirəm ki, onsuz da başlanılmış siyasi islahatlar yolu ilə Türkiyədə prezident səlahiyyətlərinin daha geniş olması perspektivi real görünür. Ümumiyyətlə, bu ölkənin prezident respublikasına çevrilməsi ehtimalı daha artıqdır və mümkündür".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB