Mustafa Hacıbəylinin Əli Kərimliyə münasibəti DƏYİŞMƏYİB

“Ayağımıza dolaşanların cavabını veririk, bundan sonra da verəcəyik”
Mustafa Hacıbəylinin Əli Kərimliyə münasibəti DƏYİŞMƏYİB

"Ümumiyyətlə, jurnalistlər bizdən açıqlama istəyəndə biz onların suallarını cavablandırırıq. Belə ki, sonuncu dəfə ötən həftə Fuad Qəhrəmanlının Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan Milli Strateji Düşüncə Mərkəzi ilə bağlı bir bəyanatına cavab olaraq, bizim tərəfimizdən fikirlər səsləndirilmişdi və qeyd edilmişdi ki, bu, AXCP rəhbərliyinin Müsavata qarşı növbəti bir təftişidir". Sözügedən fikirləri SİA-ya açıqlamasında mətbuatda gedən "Müsavat Partiyasında AXCP-yə qarşı ən ciddi və rezonansa səbəb olacaq ittihamlarla çıxış edən İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli son aylar susur" iddiasına münasibət bildirərkən deyib.

Müsavat rəsmisinin fikrincə, əgər Xalq Cəbhəsi Partiyası son vaxtlar Müsavata qarşı hücumlarını azaldıbsa, demək Müsavatın Milli Şura ilə bağlı bir müddət öncə verdiyi qərarı çox doğru olub: "Görünür, bu partiya ilə müəyyən məsafə saxlamaq lazımdır".

İsa Qəmbərin müşaviri AXCP sədri Əli Kərimlinin hər zaman fraksiyaçılığa meylli olduğunu da xatırladaraq deyib ki, artıq o, buna öyrəncəlidir: "Çünki AXCP-dəki rəhbərlik, xüsusilə, Əli Kərimli fraksiyaçılığa öyrəncəlidir. Ümumiyyətlə, onun siyasi fəaliyyəti fraksiyaçılıqdan başlayıb. Onu da bilirsiniz ki, AXCP sədri "Yurd" fraksiyasının yaradıcılarından və rəhbərlərindən biri olub və onun uzun müddət fəaliyyəti partiya daxilində mövqeləri ələ keçirmək və rəhmətlik Elçibəyə qarşı çıxış etməkdən ibarət olubdur. Müəyyən dövrdən sonra, yəni Elçibəy rəhmətə gedəndən sonra Əli Kərimli rəhbəliyi ələ keçirmək hədəfinə nail oldu. Amma həmin xarakteri tərgidə bilmədi və həmin vərdişləri hazırkı məqamda Milli Şurada da ondan əvvəl yaradılan qurumlarda da davam etdirib".

Mustafa Hacıbəyli bu dəfə də öz fikrində qaldığını deyərək, bildirib ki, Əli Kərimli onunla bir yerdə olmayanlara qarşı aqressiv münasibət bəsləyib. Lakin Müsavat Partiyası olaraq, hər zaman belələrinin cavabı zamanıda və yerində verilib: "O, daim öz müttəfiqlərini əzmək, sıxmaq, badalağa salmaq, tapdalamaq siyasətini yürüdüb. Bu baxımdan, biz Müsavat Partiyası olaraq onlarla müəyyən məsafə yaratmışıq. Bu məsafə saxlamağın nəticəsi belə görünür ki, müsbət bəhrələr verir. Yəni bizə qarşı hücumlar azalıbdır. Ona görə də sizə verdiyim cavabdan da bəlli olur ki, mənim onlara münasibətim dəyişməyib. Ümumiyyətlə, 20 ildir ki, hətta bu müddətdən artıqdır ki, ardıcıl olaraq bir siyasi xətt yürüdürük və bizim ayağımıza dolaşanların cavabını veririk, bundan sonra da verəcəyik".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə