Azərbaycan Prezidenti: "Münaqişənin ərazi bütövlüyünə əsaslanaraq həlli ilkin şərtdir"
"Azərbaycan Avropa ilə yanaşı digər beynəlxalq təşkilatlarla, dövlətlərlə əlaqə qurub. Azərbaycanın xarici siyasətində ən böyük uğurlarından biri 2 il əvvəl BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi olub. Bu, ölkəmizin ən böyük siyasi qələbəsidir". SİA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev ATƏT PA-nın Bakıda keçirilən sessiyada çıxışı zamanı deyib.
Hazırda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini bildirən ölkə başçısı bildirib ki, əsas məsələ beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsidir: "BMT Təhlükəsizlik Şurasının elə qətnamələri var ki, bir neçə saat ərzində həyata keçirilir, elə qətnamələri də var ki, 20 ildir, kağız üzərində qalıb. Azərbaycana münasibətdə də belə qətnamələr var və bu, Azərbaycan xalqını narahat edir. Bunun nəticəsində həmin beynəlxalq təşkilatlara etimad azala bilər. Biz 20 ildir, erməni təcavüzündən əziyyət çəkirik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və 20 ildir erməni işğalı altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. Onların törətdikləri Xocalı soyqırımı dünyanın bir sıra ölkəsində tanınıb".
Dövlət başçısı vurğulayıb ki, Ermənistan BMT-nin, ATƏT-in Azərbaycanın işğal olunmuş torpaqları, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına məhəl qoymur: "Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatların da məhəl qoymur. Həmsədrlər bildirirlər ki, "status-kvo" dəyişməlidir. Yəni torpaqlar işğaldan azad edilməlidir. Ermənistan buna məhəl qoymur. Münaqişənin ərazi bütövlüyünə əsaslanaraq həlli ilkin şərtdir. Öz müqəddəratını təyin etməyə gəlinə, Helsinki prinsiplərinə görə bu, ərazi bütövlüyünə zidd olmamalıdır. Ermənilər bir dəfə öz müqəddəratlarını müəyyən ediblər, niyə ikinci dəfə Azərbaycan torpaqlarında ikinci dövlət yaratmalıdırlar? Axı indiki Ermənistan da Azərbaycan ərazisində yaradılıb. Etimadın bərpa olunması üçün Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB