Əli Əhmədov: “Ermənilər provakasiyaya cəhd etsələr lazımi cavablarını alacaqlar” AÇIQLAMA
"ATƏT-in Parlament Asssambleyasının (PA) növbəti toplantısının Bakıda keçirilməsi bütövlükdə Azərbaycanın Avropa meydanında, səviyyəsində əhəmiyyətini nüfuzunun artmasına bilavasitə göstəricidir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov deyib.
Baş nazir müavinin sözlərinə görə, Azərbaycan bir çox beynəlxalq təşkilatların tədbirlərini keçirmək üçün seçdiyi məkana çevrilib: "Bu Azərbaycanın inkişafının bilavasitə göstəricisi, ölkəmizin beynəlxalq aləmdə hörmətinin, nüfuzunun, əhəmiyyətinin, rolunun artmasının ifadəsidir".
Erməni deutatların Bakıya gəlib hər hansı bir provakasiya etmələrinə də münasibət bildirən YAP-ın Sədr müavini Əli Əhmədov deyib ki, bu provakasiyanı etməklə onlar özlərinin gücsüz və ümidsizliklərini ifadə etmiş olurlar: "Azərbaycanın, paytaxt Bakının inkişafını, müasirləşməsini, qüdrətini görərkən ola bilsin ki, bu onlarda qıcıqlar yaranır. Təbii ki, onlar bu qıcıqları da provakasiya şəklində ifadə edirlər. Onlar bununla bir daha özlərini biabır edirlər. Bundan qorxmaq lazım deyil.
Bu beynəlxalq tədbir, təşkilatdır. Burada iştirak edən qonaqları da Azərbaycanda daha çox ATƏT, ATƏT-in Parlament Assambleyası dəvət edir. Çünki təşkilatçılar onlardır. Amma bunun bir müsbət cəhəti də var ki, ermənilər Azərbaycanı, Bakını görürlər və bir daha ölkəmizin inkişafı ilə öz ölkələrinin uçuruma doğru inkişafının nə qədər böyük təzadlar yaratdığını öz gözləri ilə görürlər. Təbii ki, belə bir mənzərə onlarda qıcıq yaratmaya bilməz. Bu qıcığın da ifadə forması ayrı-ayrı təxribatlar olur. Provakasiyalara isə Azərbaycan tərəfindən cavab vermək iqtidarında olan insanlar da, arqumentlər də var. Güman edirəm ki, bütün mövqelər, istiqamətlər üzrə erməni tərəfi gücsüzlüyünü həm nümayiş etdirir, həm bunu etiraf etmək zorundadır, həm də bunu bütün dünyaya göstərirlər. Əgər budəfəki iclasda da onlar yenidən provakasiyaya cəhd etsələr, təbii ki, lazımi cavablarını alacaq və bununla da bir daha özlərini biabır etmiş olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB