YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib YENİLƏNİB

YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib YENİLƏNİB

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanin şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilir. SİA-nın məlumatına görə, toplantıda Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov, hakim partiyanın icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və digərləri iştirak edib.

Toplantı qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı təşkil olunub.

YAP-ın Sədr müavini deyib ki, bu müşavirə iki başlıca məsələyə həsr olunub: "Birincisi, burada partiyadaxili məsələlər müzakirə predmeti olacaq. Biz növbəti toplantılarda olduğu kimi ənənəmizi davam edərək partiyadaxili məsələləri şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində müzakirə edirik. Burada ötən dövr ərzindəki fəaliyyətə qiymət verilir, eləcə də qarşıda duran aylarla bağlı vəzifələr müəyyənləşdirilir, dəyərləndirilir və buna müvafiq də fəaliyyət göstərilir.

İkinci məsələ bu ilin dekabr ayında ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar bütövlükdə YAP-ın və yerli təşkilatlarımızın qarşısında duran vəzifələr müzakirəyə çıxarılacaq. Artıq bələdiyyə seçkilərinə az bir vaxt qalıb. YAP bundan xeyli əvvəl bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar öz proqramını ümumi şəkildə açıqlayıb. Bizim yerli təşkilatlarda da müvafiq hazırlıq işləri aparılmaqdadır. Qarşımıza qoyduğumuz məqsəd ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də hakim partiya ənənəsinə uyğun olaraq qələbə çalsın və yerli özünüidarə orqanlarında YAP-ın nümayəndələrinin yüksək təmsilçiliyini təmin edə bilsin. İnanırıq ki, biz buna nail ola biləcəyik. YAP-ın belə bir qələbəni qazanması üçün kifayət qədər əsaslar var. Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, xüsusilə də ölkəmizin regionlarında aparılan genişmiqyaslı abadlıq, quruculuq işləri, iqtisadi inkişaf, insanların rifah halının yaxşılaşması, regionların simasının dəyişməsi, infrastruktur sahəsində həyata keçirilən böyük dəyişiklər və s. regionlarda insanın həyatında, məişətində müsbət pozitiv dəyişikliklər yaradır. Təbii ki, bütün bunların hamısı yerliözünüidarə orqanlarına seçkilərdə YAP-ın istinadə edə biləcəyi böyük resursdur. Biz inanırıq ki, məhz bu resursun və Azərbaycan Prezidentinin gördüyü işlərin təbliği sayəsində hakim partiya növbəti bələdiyyə seçkilərində uğur qazanacaq və yerliözünüidarə orqanlarında YAP-ın təmsilçiləri geniş miqyasda təmsil olunmaq imkanları əldə edəcəklər".

Daha sonra müşavirə mətbuatın iştirakı olmadan davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə