Deputatlar ölkə başçısının AŞPA-dakı çıxışını yüksək qiymətləndiriblər
Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla yanaşı digər millət vəkilləri də Prezident İlham Əliyevin Strasburqda AŞPA-nın sessiya iclasındakı çıxışı ilə bağlı fikirlərini bildiriblər. SİA-nın xəbərinə görə, millət vəkili Fəzail Ağamalının fikrincə, dövlət başçısının fikirləri böyük ajiotaj yarada bilib: "Mən bir Azərbaycan vətəndaşı kimi cənab prezidentin yüksək intellekti, vətənpərvərliyinə, böyük siyasi təfəkkürünə heyran oldum, prezident kimi onunla fəxr etdim".
Strasburq iclasında iştirak edən millət vəkili Qənirə Paşayeva prezidentin çıxışı zamanı səsləndirilən mesajlardan danışdı: "Cənab prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri o oldu ki, "heç kim Azərbaycanla təzyiq və təhdid dilində danışa bilməyəcək" mesajının verilməsi idi. Bunu Ermənistan və Avropa məkanı da anladı. Bu, həm ölkənin maraqları baxımından, həm də AŞPA-da sədrliyimiz kimi məqamda çox böyük və uğurlu çıxış oldu".
Millət vəkili Bəxtiyar Əliyev beynəlxalq qurumlarda, xüsusilə də AŞPA-da ikili standartların tətbiqindən təəssüflənir. Bu haqda parlamentdə çıxış edən deputatın sözlərinə görə, Azərbaycan hazırda dünyanın ən sürətlə inkişaf etməkdə olan dövlətlərindən birinə çevrilib: "Ölkədə aparılan hüquqi islahatlar bəhrəsini verib, vətəndaş cəmiyyəti oturuşub. Təkcə bölgənin deyil, həm də Avropanın enerji təhlükəsizliyi, sülhün, sabitliyin qarantına çevrilib. İndiki zamanda Azərbaycana əngəl yaradan yalnız bir məsələ var – torpaqların Ermənistan tərəfindən işğalı. Təəssüf ki, bununla bağlı BMT və AŞPA qətnamələrinin yerinə yetirilməsi istiqamətində heç bir tədbir görülməyib. Azərbaycana qarşı ikili standartlar işə salınıb".
B. Əliyev hesab edir ki, AŞPA üzvü Azərbaycanın əraziləri həmin qurumun üzvü olan digər dövlət tərəfindən işğal olunduğu bir halda, təcavüzkara yerini göstərmək lazımdır. Amma bunun əvəzinə Azərbaycana qarşı stabdartlar tətbiq olunur: "Bunlar süni çalışmalardır. Azərbaycan prezidentinin səsləndirdiyi fikirlər Azərbaycan xalqının fikir və iradəsidir. Beynəlxalq ictimaiyyət bunu qəbul etməlidir, Azərbycandan köməyini əsrigəməməlidir".
Digər millət vəkilləri Fəzail İbrahimli və Xanhüseyn Kazımlı da ölkə başçısının AŞPA-dakı çıxışını Azərbaycan siyasətinin parlaq qələbəsi kimi xarakterizə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB