Elçin Mirzəbəyli: “AŞPA-da erməni maraqlarından çıxış edən şəxslər var idi” AÇIQLAMA
"Şübhəsiz ki, hər dəfə Azərbaycan hər hansı bir formada uğurlu addımlar atmağa çalışanda buna qarşı adekvat tədbirlər də görülür. Azərbaycanı sevməyən, erməni diasporunun nəzarətində olan dairələr öncədən ölkəmizin atdığı və yaxud atacağı addımlara qarşı müxtəlif tədbirlər görməyə cəhd göstərirlər". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışı zamanı ölkəmizə qarşı haqsızlıqlara münasibət bildirərkən deyib.
Siyasi şərhçinin sözlərinə görə, heç şübhəsiz ki, erməni diasporu və onların maliyyələşdirdikləri Avropa siyasətçiləri də Azərbaycan Prezidentinin AŞPA-dakı çıxışının kifayət qədər fundamental olacağını və ictimai rəyə ciddi təsir göstərəcəyini öncədən başa düşürdülər: "Çünki bundan öncə də onlar cənab Prezidentin belə çıxışları ilə digər yüksək tribunalarda qarşılaşmışdılar. Bu baxımdan hesab edirəm ki, orada öncədən öyrədilmiş və sırf erməni maraqlarından çıxış etməyə çalışan şəxslər var idi.
Bu bir daha sübuta yetirir ki, demokratiya, insan haqları pərdəsi altında gizlənməyə çalışan bəzi Avropa siyasətçiləri faktiki olaraq erməni və ayrı-ayrı diaspor nümayəndələrinin himayəsinə sığınıblar. Onlar hətta öz dövlətlərinin deyil, eləcə də ayrı-ayrı xarici dövlətlərin nüfuz müvəkkili kimi çıxış edirlər. Belə bir mövqe ilk növbədə onların öz ölkələrinin vətəndaşı kimi öz dövlətlərinin prinsiplərinə xəyanət deməkdir. Eyni zamanda bu, özlərinin elan etdikləri demokratiya və insan haqları prinsiplərinə xəyanətdir.
Bütün bu yanaşmalara baxmayaraq təəssüflər olsun ki, dünyanın reallıqları göz önündədir. Bəlkədə elə qərəzli sualların verilməsi daha yaxşı oldu. Çünki bu imkan verdi ki, Azərbaycan Prezidenti İlham Əliyeb bir daha ölkənin bu və ya digər məsələləri ilə bağlı fikirlərini yenidən təkrar etsin və öz qətiyyətli mövqeyi ilə ermənipərəst mövqedən çıxış edən siyasətçiləri susdursun. Təbii ki, nəticədə belə oldu. Bütövlükdə cənab Prezidentin AŞPA-dakı çıxışının birmənalı şəkildə mühüm əhəmiyyət kəsb etdiyi qənaətindəyəm. Bu bir daha Azərbaycanın öz hədəflərinə doğru və özünün seçdiyi prinsiplər əsasında hərəkət etdiyini nümayiş etdirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB