Hikmət Babaoğlu: “ABŞ mayasını insan hüquqlarının və azadlıqlarının pozması üzərində qurub” MÜSAHİBƏ

Hikmət Babaoğlu: “ABŞ mayasını insan hüquqlarının və azadlıqlarının pozması üzərində qurub” MÜSAHİBƏ

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu SİA-ya müsahibə verib:

- Hikmət müəllim, bir çox ölkələrdə demokratiya və insan haqları altında qanlı müharibələr törədən ABŞ-ın bu addımı beynəlxalq prinsiplərə nə dərəcədə uyğundur?

- Əslində bu proses XX əsrin sonlarından başlayıb. Növbəti mərhələdə isə yeni keyfiyyət dəyişikliyinə qədəm qoyub. Bildiyiniz kimi, 2003-cü ildə İraqa qarşı hərəkətə keçən ədalətsiz müharibə XX əsrdə formalaşmış beynəlxalq münasibətlər sisteminin məntiqinə zidd olan bir müharibə kimi baş verdi. Şübhəsiz ki, bu müharibənin arxasında hegemon dövlətlər dayanırdı. Bunların başında isə ABŞ dururdu. Müharibənin həyata keçirilməsində səbəb kimi İraqın nüvə silahı istehsal etmək ərəfəsində olduğu söylənilirdi. Qısa toqquşmalardan sonra İraq ordusu dağıdıldı. Onu deyim ki, müharibədə xalq məğlub olmur. Müharibədə əsgər məğlub olur, xalq və dövlət isə yerində qalır. Çox qəribədir ki, müasir mərhələdə aparılan müharibə isə xalqın dövlətçiliyini əlindən almağa xidmət edir. İraqda da biz bunun şahidi olduq. Müharibəni həyata keçirən başda Amerika olmaqla, Qərb alyansı tarixi İraq dövləti ərazisində, bütövlükdə milli siyasi iradənin sıradan çıxarılması uğrunda müharibə aparırdı. Beynəlxalq münasibətlərdə "İdarə olunan xaos" nəzəriyyəsinin tətbiqi üçün sanki İraq laboratoriya kimi seçilmişdi. "İdarə olunan xaos" isə ABŞ-ın orkestra şefliyi ilə düşünülmüş bir nəzəri problematikadır. Yəni qlobal dövlətin maraqlarını təmin edəcək institutlardan biridir. İdarə olunan xaosda cəmiyyət dini mənsəb, sosial mənsubiyyət, milli-etnik fərqliliklərinə görə çoxlu sayda qruplara bölünürlər. Bunlar arasında daima davam edən ziddiyyətlər formalaşdırılıb bir-birinə qarşı qoyulur. Ən müxtəlif vasitələr ilə də onlar mərkəz tərəfindən silahlandırılır. ABŞ-ın İraqdan başladığı və Liviyada, Yəməndə, Əlcəzairdə, Suriyada davam edən və yenidən İraqa qayıdıb həmin prosesləri davam etməsi bu məntiqə əsaslanır.

- Son günlər dünyanın diqqəti İraqa yönəlib. Heç kimin tanımadığı, bir anda ortaya çıxan, özlərini "İraq-Şam İslam Dövləti" adlandıran silahlılar bir-birinin ardınca ölkənin önəmli şəhərlərini ələ keçirirlər. İddialara görə, bu qruplaşmanın arxasında ABŞ dayanır. Bu, nə dərəcədə əsaslıdır?

- Hər kəsə bəllidir ki, "İraq-Şam İslam Dövləti"nin əsasları hələ 2003-cü illərə həmin dövlətdə qoyulmağa başlayıb. Qərb imperializmləri üçün bu eksperiment olduğuna görə bir çox xətalara yol verdiklərini düşündülər. Həmçinin onlar bu dərəcədə uğurlu effekt verəcəklərini də düşünmürdülər. Mən daha çox burada həmin cəmiyyəti qınayıram. Eyni millətin hər birini müxtəlif mənsəbə ayırıb, onları qarşı-qarşıya qoymaq cahillikdir. Anlayırıq ki, islam maarifləndirmə, dərk etmə, humanist dindir. Belə bir dinin nümayəndələri arasında bu cür qarşıdurmaların yaranacağına da onların heç özləri də inanmırdılar. Onların siyasəti o qədər effektli alındı ki, onlar yenidən İraqa qayıtmalı oldular. Çünki İraq qeyri–rəsmi olaraq üç yerə bölünsə belə orada son zamanlar nisbi sabitlik yaranmağa başlayırdı. Doğrudur ki, kütləvi terror törədilirdi və hər gün 50-dən çox insan ölürdü. Buna baxmayaraq gözü dönmüş imperializm bununla da kifayətlənmək istəmirdi. Ona görə də yenə məzhəb fərqliliyinə görə, yeni ordu düzəldildi. Bunun adını isə "İraq-Şam İslam Dövləti" qoyuldu. Əslində isə bunlar yeni geyimləri ilə Bin Ladenin bir növ yaranışıdır. Həmin bu "dövlət" ABŞ-ın maraqlarını həyata keçirən terror təşkilatıdır.

- Çin Xalq Respublikasının "Sinxua" agentliyinin yazdığına görə, ABŞ-da insan haqları hər addımda pozulur, hüquq sistemində ciddi problemlər var. Bu halda ABŞ-ın demokratik dəyərlərdən danışması təəccüblü deyil?

- İnsan hüquqlarının pozulması, vətəndaşlara qarşı ayrı seçkiliyin aparılması artıq ABŞ-ın həyat tərzidir. Bu dövlətin sütunları, dini, irqi ayrıseçkilik üzərində qurulub. ABŞ-ın hələ vətəndaş müharibəsindən bu günə qədər daima bu problemlə yaşayıb. Əgər qiymətləndirmə düzgün qurularsa və daha cəsarətli dövlət və yaxud təşkilat tapılıb ayrı-ayrı ölkələrdə insan hüquqları və azadlıqlarının təmin olunması ilə bağlı monitorinq keçirilsə görəcəklər ki, doğurdan da Amerika dünyada insan hüquq və azadlıqlarının pozulduğu birinci dövlətdir. Həm də öz vətəndaşlarının hüquqlarını və azadlıqlarını pozan dövlətdir. Ona görə də Çində yaranan bu məlumatlar tamamilə həqiqəti əks etdirir. Məsələ ondadır ki, Amerika bu gün hakimdir. Öz hərbi, iqtisadi gücünə arxalanan və dünyaya öz siyasətini diktə edən hakim rolunu oynamağa çalışır. Belə olan halda heç kim cəsarət edib ABŞ-da insan hüquqlarının pozulması haqda danışa bilmir. Burada insanların rənginə, dil və ləhcələrinə görə hüquqları pozulur. O da bəllidir ki, yerli hinduların hüquqları pozularaq orada Amerika dövləti qurulub. Yəni bu dövlətin mayası insan hüquqlarının pozması üzərində qurulub. ABŞ Azərbaycan üzərində də bu cür siyasət yeritməyə çalışır. Lakin onların bu konsepsiyası uğurlu alınmır. Çünki Azərbaycanın intellektual cəmiyyəti baş verənlərin fərqindədir. Həmçinin Azərbaycan cəmiyyətində mövcud olan siyasi resurslar legitimdir. Çünki xalqın özü bu hakimiyyəti seçib.

- ABŞ Rəsul Quliyev, Leyla Yunus, Əli Kərimli kimilərə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq üçün maddi-mənəvi dəstək verən dövlət kimi tanınır. Sizcə, ABŞ xalq arasında heç bir nüfuzu olmayan bu qüvvələrə dəstək göstərməklə nəyə nail ola bilər?

- Azərbaycana qarşı bu cür insanlardan istifadə edilməsinə baxmayaraq bu heç bir nəticə verməyəcək. Açıq şəkildə görünür ki, Leyla Yunus ermənipərəstdir və azərbaycanlı deyil. Hüquqi baxımdan azərbaycanlıdır. Lakin mənəvi cəhətdən, düşüncə baxımından, sosial yöndən yanaşıldıqda o, azərbaycanlı deyil. L.Yunus özünü bu xalqa mənsub hesab etmir. Bəzən görürük ki, onlar eyni anti-Azərbaycan mərkəzindən idarə olunur. Sanki xor oxuyanlar kimi hər biri eyni mahnını ifa edirlər. Azərbaycan xalqı da bunu görüb dərk edir. Ona görə də onların bu təşkilata ayırdığı pullar batacaq, heç bir effekt və nəticə əldə edə bilməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə