Əli Həsənov: "Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkününün 53%-i qadındır"

Son 20 ildə Azərbaycanda 150 min qız uşağı məcburi köçkün kimi dünyaya göz açıb
Əli Həsənov: "Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkününün 53%-i qadındır"

"Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü var. Təəssüf ki, onların 53%-i, yəni 500 minə qədəri qadındır". SİA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmnaların XII Bakı BEynəlxalq Konfrasında çıxışı zamanı deyib.

O bildirib ki, əlavə təsirlər imkan vermir ki, Azərbaycan dövləti, hökuməti öz ölkəsini daha yaxşı inkişaf etdirsin: "Torpaqların 20%-i Ermənistan Silahlı Qüvvələri bəzi qonşu ölkələrin köməyilə işğal altına alınıb və artıq 22 ildir bu torpaqlar işğal altındadır. Son 20 ildə 150 min qız uşağı məcburi köçkün kimi dünyaya göz açıb. Bu gün dünyada insan cəmiyyətində qadınların hüquqlarının qorunmasından söhbət getsə də, beynəlxalq aləmdə qadınları insan cəmiyyətinin ən həssas hissəsi hesab edilsə də, təəssüflər olsun ki, qadınların hüquqlarının qorunması üzrə qəbul olunan qətnamə, bəyannamə, konvensiya, qaydaların icrası bu həssaslığa, zərifliyə cavab vermir. Əgər beynəlxalq aləmdə bu konvensiya, qanunlar qadının hüququnun qorunması ilə bağlı qəbul edilirsə, nə üçün icra olunmur? Beynəlxalq konvensiyalara qoşulan ölkələrdə qadınların hüququnun qorunması beynəlxalq səviyyədə təmin olunmursa, onu təmin edilməsinə mane olanlara qarşı nə üçün tədbir görülmür. Bizdə "Nə üçün?" sualları çoxdur. Bizim problem artıq 22 ildən çoxdur ki, Ermənistanın işğalı altında saxlanılır, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Dünyada bütün beynəlxalq təşkilatlar bu problemin həlli üçün qərar və qətnamələr qəbul ediblər. Nə üçün icra olunmur?".

Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün qadınlara qarşı zorakılıq davam edir, qadınların hüquqları qaçqın kimi pozulur. Azərbaycan tarixində qadınların qaçqın statusunun olmadığını deyən Ə.Həsənovun sözlərinə görə, bu, son 30 ilin, Sovet hakimiyyətinin iflasa uğradığı ərəfədə yaratdığı məhsuludur: "Azərbaycan xanımları da təəssüflər olsun ki, qaçqın adına məhkum olurlar. Bütün dünyada insan hüquqlarının qorunmasından söhbət gedirsə, nə üçün bu nla bağlı qəbul olunan qaydalar , qanunlar, qətnamələr icra olunmur? Nə üçün ayrı seçkiliklər var?. İkili standartlardan artıq danışmırıq. Artıq ikili standart ömrünü başa vurub və dünyada çoxşaxəli standartlar, ayrı-seçkiliklər var. Bunun hamısı gözümüzün qarşısında baş verir. Əgər hər bir ölkədə hər bir beynəlxalq qurum özü qəbul etdiyi qayda-qanunların icrasını təmin etsə bu cür haqsızlıqlar, ədalətsizliklər baş verməz".

Bütün xəbərlər Facebook səhifəmizdə