Politoloq Mübariz Göyüşlünün SƏS TV-yə müsahibəsi:
- Bu ilin iyunun 4-də Türkiyənin Bodrum şəhərində Türkdilli ölkələrin zirvə toplantısı keçirilib. Ümumiyyətlə bu toplantının əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Hesab edirəm ki, bu, çox mühüm bir tədbir idi. Sözün həqiqi mənasında eyni dili, soykökü, tarixi bölüşən Türkdilli dövlət başçılarının bir araya gəlməsi tarixi hadisədir. Bu tədbirin digər önəmli tərəfi o idi ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov artıq ikinci dəfədir bu toplantıda iştirak edirdi. Amma Türkmənistan bu qurumun üzvü deyildi. Bu dəfəki toplantı turizmlə bağlı məsələlərə həsr olunmuşdu. Hesab edirəm ki, burada müzakirə olunan məsələlər, dövlət başçıları səviyyəsində keçirilən görüşlər mühüm əhəmiyyətə malikdir. Türk dövlətləri toplum olaraq burada Dağlıq Qarabağ məsələsinə də tam dəstək verdilər. Təbii ki, bu, yekun bəyanatda da öz əksini tapmışdı.
- Türkdilli ölkələrin Parlament Assambleyasının sıralarının genişləndiyi müşahidə olunur. Bu quruma maraq nədən qaynaqlanır?
- Türk dövlətlərinin bu cür birlik formatı və heç bir beynəlxalq təşkilata qarşı olmaması, sırf sülh və təhlükəsizliyi əsas götürərək bir araya gəlmələri, digər dövlətlərdə, təşkilatlarda da böyük diqqət və marağa səbəb olur. TÜRKPA da bu qəbildən olan təşkilatlardandır. Ötən müddət ərzində TÜRKPA-nın fəaliyyəti, yəni təşkilatlanması, formalaşması istiqamətində atdığı addımlar, regionda və dünyada baş verən hadisələrlə bağlı bu və ya digər formada öz münasibətini bildirməsi heç də diqqətdən kənarda qalmır. Hər kəs görür ki, burada münasibətlər, söylənilən fikirlər, qəbul edilən qərarlar və görülən işlər həm regional, həm də beynəlxalq miqyasda dövlətlərarası münasibətlərin yaxınlaşdırılması, sıxlaşdırılması və arada olan problemlərin həlli istiqamətində mühüm addımlar ata bilər. Bu baxımdan TÜRKPA-ya maraq get-gedə artır.
- Macarıstanın bu quruma üzv olduğu halda bəzi adını çəkmək istəmədiyimiz ölkələrin gözləmə mövqeyi tutmasının konkret səbəbi ola bilərmi?
- Hesab edirəm ki, Macarıstanın atdığı addım digərləri üçün daha da həvəsləndirici addım olacaq. Bildiyiniz kimi, Azərbaycan zabiti Ramil Səfərovun həbsdən azad olunmasında Macarıstan dövlətinin də fəaliyyəti olub. Bununla belə Macarıstanın Avropa ailəsinin üzvü olması da bu dövlətlərin Avropa ilə sıx inteqrasiyada qarşılıqlı əməkdaşlıq şəraitində inkişafına səbəb olacaq.
- TÜRKPA-nın beynəlxalq güc mərkəzinə çevrilməsi Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün imkanlar yarada bilər?
- Bu, çox mühüm məsələdir. Dağlıq Qarabağ məsələsi Azərbaycanın ən böyük problemidir. Hesab edirəm ki, güc birlikdədir. Bildiyiniz kimi, Ermənistana bu məsələdə bir çox dövlətlər böyük dəstək verirlər. Əgər onlar günü bu gün Ermənistanın arxasından çəkilsələr, Azərbaycan hərb yolu ilə öz torpaqlarını işğaldan azad edə bilər. Bu, bir reallıqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB