Arif Rəhimzadə: "Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının, dövlətinin qurtuluşu oldu"

Arif Rəhimzadə: "Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının, dövlətinin qurtuluşu oldu"

"Ümumiyyətlə, Azərbaycanın tarixində belə gərgin anlar çox olub. O vaxt SSRİ-də əks mərkəzləşdirmə meylləri güclənmişdi və bundan ermənilər istifadə edərək, Azərbaycanın torpaqları hesabına "Böyük Ermənistan" xülyasını həyata keçirmək isətəyində idilər. Bu xülya ilə Sumqayıt hadisələri törədildi. Ermənistandan 200 minə yaxın azərbaycanlı sürgün edildi. Ərazilərimiz bir-birinin ardınca zəbt olunurdu". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə 15 iyun Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, qısa müddət ərzində Azərbaycana üç dəfə hakimiyyət dəyişikliyi baş verdi və hakimiyyətə yiyələnmək istəyənlərdən heç biri dövlətə xidmət etmək xüsusiyyətinə malik deyildi: "Çünki onların hər biri ancaq öz mənafelərini güdürdü və xalq da bunları görərək 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasını təkidlə tələb etdi. Çünki xalq AXC-nin hakimiyyətdə olduğu bir il ərzində ölkənin hansı durumda olduğunun şahidi oldu. Ölkədə quldurluq hökm sürürdü. Silahlı adamlar ölkədə at oynadırdı. Xalq çətin şəraitdə yaşayrıdı, iqtisadi durum ağır idi. Çörək həsrəti ilə uzun növbələr yaranırdı. Bütün bunlar xalqı artıq ayağa qalxmağa məcbur etdi. 1992-ci il mayın 18-də silahla hakimiyyətə gələn Xalq Cəbhəsi ağır durumda olan Azərbaycanın durumunu daha da ağırlaşdırdı. Bu ağır vəziyyətdə növbəti Gəncə hadisələri baş verdi. Gəncədə Surət Hüseynovun dəstələri hakimiyyəti ələ almaq məqsədilə bu qırğınlar törətdi. Bütün bunların qarşısını almaq üçün ölkəni idarə edə bilən liderin hakimiyyətə gəlməsi tələb edilirdi.

1992-ci ilin oktyabr ayında bir qrup Azərbaycan ziyalıları Heydər Əliyevə müraciət edərək, partiyanın yaradılması təklifini irəli sürdülər və bildirdilər ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə yaranan partiya Azərbaycanı bu ağır vəziyyətdən çıxara bilər. Ulu Öndər Heydər Əliyev müraciətə cavab verdi. Bu cavab və müraciət "Səs" qəzetində dərc edilərək xalqa çatdırıldı. 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında partiyanın 550 nəfərdən ibarət ilk təsis konfransı keçirildi. Artıq iqtidarda olan Xalq Cəbhəsi başa düşürdü ki, hakmiyyəti idarə etmək iqtidarında deyil. Ona görə də, Heydər Əliyevi Bakıya dəvət etdilər. Rəhbər üçün qərar qəbul etmək çox vacib xüsusiyyətdir. Ancaq o vaxtkı hakimiyyətdə olanlar bu xüsusiyyətdən çox uzaqda idilər. 1993-cü il iyunun 15-də parlamentin sessiyası keçirildi və Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Milli Məclisdə olanlar yaxşı başa düşürdülər ki, ölkədə yaranmış çox ağır və çətin vəziyyəti məhz Ulu Öndər Heydər Əliyev aradan qaldıra bilər. Onu da başa düşürdülər ki, Azərbaycanın bu günü və gələcəyi məhz Heydər Əliyevin apardığı düzgün siyasətlə bağlıdır. Beləliklə də, Heydər Əliyevin 1993-cü il 15 iyunda hakimiyyətə qayıdışı Azərbaycan xalqının, Azərbaycan dövlətinin qurtuluşu oldu.

Heydər Əliyev qısa müddət ərzində ölkədə genişlənməkdə vətəndaş qarşıdurmasını aradan qaldırdı, "Talış-Muğan Respublikası" adlı qondarma separatçı respublikanın, "Sadval" terrorcu quruplaşmaların fəaliyyətlərinə son qoydu. Eyni zamanda, güclü ordunun yaradılması istiqamətdə işlər aparıldı, iqtisadi tənəzzülün aradan qaldırılması məqsədilə qanunlar qəbul edildi, xarici dövlətlərlə əlaqələri möhkəmləndirmək üçün ciddi işlər görüldü. Aparılan siyasətin müsbət nəticəsi olaraq Azərbaycanda sosial-iqtisadi uğurlara nail olundu".

Bütün xəbərlər Facebook səhifəmizdə