Niyaməddin Orduxanlı: “Vaxtilə Rusiyaya işləyən Əli Kərimli, indi də Qərbin kuklasına çevrilib” RƏY

Niyaməddin Orduxanlı: “Vaxtilə Rusiyaya işləyən Əli Kərimli, indi də Qərbin kuklasına çevrilib” RƏY

"Əli Kərimlinin çevrəsində olan şəxslər uzun müddətdir ki, bu cür Qərb beynəlxalq təşkilatların hesabatları və dinləmələri ilə bağlı canfəşanlıq edirlər. Həmin təşkilatlara, həmin dövlətlərə Azərbaycanın dövlətçilik maraqları ilə bağlı mənfi imic formalaşdırmağa cəhdlər göstərirlər". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı AXCP sədri Əli Kərimlinin və onun nəzarətində olan "Azadlıq" qəzetinin ABŞ-dakı Helsinki Komissiyasının dinləmələrində ölkəmizlə bağlı səsləndirilən çoxsaylı pozitiv fikirləri kənara qoyaraq, kiçik neqativ fikirləri şişirdib, guya Azərbaycan hakimiyyətinin bundan narahat olması iddialarına münasibətini bildirərkən dedi.

BAXCP rəsmisinin fikirincə, əslində, bu kimi hallardan təəəccüblənməyə dəyməz: "Sanki bu, Əli Kərimlinin bir missiyasıdır, sanki bu, onun boynuna düşən bir öhdəlikdir. Beynəlxalq təşkilatlar və qurumlar Əli Kərimlidən Azərbaycan dövlətinin əleyhinə səmərəli istifadə edirlər. Yəni AXCP sədrinin əsas fəaliyyəti məhz bu istiqamətə yönəlibdir. Ona görə də onun bu kimi addımlarından təəccüblənməyə dəyməz".

Niyaməddin Orduxanlı daha bir ilginc məqama toxunaraq xatırladıb ki, hələ 2013-cü ilin prezident seçkilərindən öncə Əli Kərimli Qərblə deyil, Rusiya ilə yaxınlaşmağa çalışırdı. AXCP sədri Milli Şuranın Rusiya layihəsi olduğu üçün Rüstəm İbrahimbəyov amilindən istifadə edib, məhz həmin dövlətin qaranlıq siyasi dairələri ilə təmaslar qururmağa çalışırdı: "Məsələn, zaman-zaman Rusiyanın da tapşırıqlarını yerinə yetirən Əli Kərimli indi də Qərb təşkilatlarının kuklasına çevrilib. Ona görə də bu şəxsin, hətta Azərbaycan dövlətçiliyinin milli maraqlarını belə nəzərə almamasını təbii qarşılamaq lazımdır".

Niyaməddin Orduxanlı Əli Kərimlinin hazırkı fəaliyyətinin kökünün Riçard Morniqstarın məlum müsahibəsi ilə bağlı olmasını da istisna etməyərək, Leyla Yunus amilinin də buraya daxil olduğunu bildirdi. Onun fikirincə, AXCP sədri məhz bu kimi məsələləri əlində bayraq edərək, xarici qurumlar qarşısında bu və ya digər şəkildə "lazımi şəxs" qismində görünməyə çalışır: "Digər tərəfdən bilirsiniz ki, Əli Kərimli Milli Şura yaradılarkən burada Rusiyanın layihəsini icra edirdi. İndi də Rusiyameyilli imicini təmizləmək üçün Qərb qarşısında özünü "demokrat" kimi sərgiləyir. Ona görə də canla-başla bütün fəaliyyətini məhz bu istiqamətə doğru yönələndirib. Guya o, indi də Rusiyanın "düşməninə" çevrilib və əsl qərbpərəstdir. Beləliklə, AXCP sədri bu kimi hallardan yararlanaraq, müəyyən təşkilatlara yarınmaq istəyir".

BAXCP sədrinin müavini son olaraq qeyd etdi ki, əslində, Əli Kərimli siyasi sonunun çatdığının fərqindədir. Lakin hələ ki, siyasi arenada çabalayaraq, bu sonluğu yaşamamağa çalışır: "Ancaq bu gün xalqın gözünün tərəzi olduğunu da hər kəs bilir. Bu baxımdan, Əli Kərimlinin bu kimi çabalamaları onu daha dərin uçuruma doğru sürükləyəcək. Bu, mütləq haldır".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə