Azərbaycan müxalifəti çox işlənmiş əlcəyə bənzəyir ŞƏRH

Elman Nəsirli: “ABŞ-da Azərbaycanla bağlı dinləmələr keçirilib və bu dinləmələr prosesində bütün müsbət tendensiyalar qeyd olunub”
Azərbaycan müxalifəti çox işlənmiş əlcəyə bənzəyir ŞƏRH

"Müxalifət bütün məqamlarda çalışır ki, hakimiyyətə, iqtidara qarşı təzyiqlər olsun və bu təzyiqlərə nail olmaq üçün istənilən imkanlardan bəhrələnməyə cəhd edirlər. Ona görə də heç bir halda pozitiv məqamları görmək istəmir, yalnız neqativ halları şişirdərək, qabardırlar. Məsələ ondadır ki, müxalifətçilik heç də hakimiyyətə qarayaxmaq anlamını daşımır. Ümumiyyətlə, real müxalifətçiliyin kökündə, mahiyyətində bu dayanmır və sivil müxalifət heç zaman belə yol seçmir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli ABŞ-da Helsinki Komissiyasının Azərbaycanla bağlı keçirdiyi dinləmələrdə səsləndirilən bəzi neqativ çıxışlara müxalifətin şişirdilmiş şəkildə reaksiya verməsinə münasibətini bildirərkən deyib.

Politoloqun fikrincə, sivil müxalifət əslində, iqtidarın atdığı uğurlu addımları tədqir edir, müəyyən mənalarda nəyisə tələb edir və xahiş edir ki, bütün məsələlərdə bu cür işləsin, uğurlar əldə etsin: "Eyni zamanda razılaşmadığı məqamlarda onları sivil yolla qabardır, iqtidarın nəzərinə çatdırır və s. Amma biz nəyin şahidi oluruq? ABŞ-da Azərbaycanla bağlı dinləmələr keçirilib və bu dinləmələr prosesində Azərbaycandakı bütün müsbət tendensiyalar, ölkədəki inkişaf prosesləri, iqtisadi tərəqqi amilləri qeyd olunub, eyni zamanda Azərbaycanın demokratiya yolunda, hüquqi dövlət quruculuğu yolunda atılan önəmli addımlar qabardılır. Belə olan zaman, Helsinki Komissiyası müəyyən tövsiyyələrini verərkən, müxalifət bundan sanki bir təzyiq elementi kimi bəhrələnmək istəyir və burada qarayaxma kampaniyasına başlamağa çalışır. Onların məqsədi bilavasitə Azərbaycanın imicinə zərvə vurmaqdan ibarətdir. Müxalifət tərəfi düşünür ki, bu yolla onlar müəyyən faydalar əldə edəcəklər, hakimiyyətə gəlmək arzuları reallaşacaq. Hesab edirəm ki, bu, bir xülyadır".

"Məsələ ondadır ki, ABŞ-ın özü də Azərbaycandakı prosesləri görməyə bilmir, Azərbaycanın regiondakı rolunu və əhəmiyyətini etiraf etmək məcburiyyətindədir"-deyə vurğulayan politoloq onu da bildirdi ki, ABŞ regionun lider dövləti ilə - Azərbaycanla əməkdaşlığı hər zaman aktual hesab edib, bu gün də belədir: "Amma eyni zamanda ABŞ-ın hegemon dövlət olaraq, müəyyən gözləntiləri də var, müəyyən məsələlərə öz subyektiv baxışları da var. Məhz bu baxımdan, həmin amilləri Azərbaycanın nəzərinə çatdırmaq istəyir. Müxalifət isə bu kimi məsələlərdə tamamilə fərqli düşüncə ilə yaşayır. Müxalifətə elə gəlir ki, əgər Birləşmiş Ştatlardakı dinləmələrdə Azərbaycanla bağlı müəyyən tövsiyələr, yanaşmalar öz əksini tapıbsa, bu, ABŞ-ın Azərbaycanı qəbul etməməsi anlamındadır. Hesab edirəm ki, bu yanaşmanın özü, bu düşüncə tərzinin özü kökündən səhvdir. Bu, onların dayaz dünyagörüşlərinin nəticəsidir. Belə dayaz düüncə ilə onlar hakimiyyətə gəlsələr, mürəkkəb siyasi aləmdə ölkəni necə idarə edə bilərlər? Buradan da görünür ki, müxalifət liderləri dərin təhlil qabiliyyətinə malik deyillər və ya bilərəkdən həqiqəti təhrif edirlər. Bununla isə xalqın qarşısında heç bir etimad qazanmaq olmaz. Düşünürəm ki, onlar tərəfdən irəli sürülən bu kimi yanaşmaların heç bir əsası yoxdur. Belə iddiaların nə elmi, nə siyasi əsası var. Onlar öz istədiklərini bir gerçəklik kimi təqdim etmək istəyirlər, amma gərək onun da fərqində olsunlar ki, praqmatik siyasət fərqli siyasətdir. ABŞ öz praqmatik siyasəti ilə Azərbaycanın yerini də, rolunu da, regiondakı əhəmiyyətini də gözəl dərk edir".

Tövsiyələrə gəlincə, Elman Nəsirli bildirib ki, ABŞ yalnız Azərbaycana deyil, hətta Türkiyəyə və Qərb ölkələrindəki müttəfiqlərinə də tövsiyələr verir: "Onu da nəzərə alaq ki, ABŞ hətta müttəfiqlərinə də müəyyən tövsiyələrini verir, taktiki təzyiq elementlərini istifadə edir. Məsələn ABŞ Türkiyə kimi müttəfiqini qondarma erməni soyqırımı ilə bağlı tənqid edə bilir və s. məsələlərdə təzyiqlər göstərir. Ancaq bu heç də strateji müttəfiqliyi pozmaq anlamını daşımır, bütün bunlar taktiki məsələlərdir.

Daha bir misal. ABŞ Fransa ilə müttəfiqdir. Amma lazım gələndə Birləşmiş Ştatlar Fransanı tənqid edir. Eyni zamanda Fransa da ABŞ-ın tövsiyə etdiyi məsələlərdə gedişlərini etmir, ABŞ-ı tənqid edir. Lakin fundamental məsələlərdə onların hər biri müttəfiq kimi çıxış edirlər. Yəni bəzi məsələlərdə fikir ayrılıqları ola bilər.

Hesab edirəm ki, ABŞ-la Azərbaycan strateji tərəfdaşdır. Bu ölkə Azərbaycan iqtidarının atdığı addımları dəstəkləyir".

Politoloq "beşinci kalon" məsələsini də istisna etməyib və bildirib ki, belə məsələlərdə "beşinci kalon" müəyyən dairələrin maraqlarına cavab verir: "Burada "beşinci kalon" məsələsi də öz rolunu oynayır. Müxalifət liderləri belə məsələlərdə "Roma Papasından da artıq katolik olmaq" istəyirlər. Ona görə də bir çox hallarda müxalifətin özündən də istifadə edilir və təzyiq etmək istəyən tərəf burada müxalifətin özündən öz səmərəsi üçün istifadə edə bilər. Ancaq müxalifət onun da fərqində olmalıdır ki, onları həqiqətən də "beşinci kolon" kimi qəbul edilirlər. Yəni onlar bəzi qüvvələrin əllərində alətdirlər. Onlar həqiqətən də bir vasitəyə çevriliblər. Daha dəqiq desək, müxalifət çox işlədilmiş əlcək funksiyasını yerinə yetirir. Mən hələ çox yumşaldılmış şəkildə öz fkirlərimi ifadə edə bildim. Bu baxımdan, müxalifət həm də onun fərqində olmalıdır ki, strateji məsələlərdə, fundamental məsələlərdə, rəsmi Vaşinqtonun mövqeyi, rəsmi Bakının mövqeyi ilə üst-üstə düşür.

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə