Zahid Oruc: “Azərbaycan deyil, daha çox Qərb itirəcək” MÜNASİBƏT

Zahid Oruc: “Azərbaycan deyil, daha çox Qərb itirəcək” MÜNASİBƏT

"Artıq, ABŞ-da Azərbaycana qarşı keçirilən dinləmələr ənənə şəkil almağa başlayıb. Xatırlayırsınızsa, ötən il də belə bir dinləmə keçirilmişdi və o zaman keçirilən format heç də məqbul deyildi". Bu fikirləri SİA-ya açıqlamasında parlamentin təhlükəsislik və müdafiə komitəsinin üzvü Zahid Oruc ABŞ-da Helsinki Komissiyasının Azərbaycanla bağlı keçirdiyi dinləmələrdə səsləndirilən bəzi neqativ fikirlərə münasibətini bildirərkən deyib.

Millət vəkili xatırladıb ki, məhz ötən il keçirilən dinləmələrdən sonra Azərbaycanın rəsmi etirazları müəyyən nəticələrini verdi və artıq bu kimi hallarda balanslı mövqe tutmağa çalışılır: "Hazırkı dönəmdə həmin müzakirələr zamanı Brende Şafferi çıxmaq şərtilə yerdə qalan bir çox fikirlər daha tendensiyalı birtərəfli məsələlərə dayanan həddən artıq qərəzli və müxtəlif geopolitik, hətta özəl maraqları özündə ehtiva edən rəylərdir və bunun nəticə etibarilə sonrakı dönəmdə Konqresin mövqeyinə, həmçinin, ABŞ Dövlət Departamentinin siyasətinə hansısa bir şəkildə təsir edəcəyi gözlənilmir. Əgər hər hansı bir formada bu, Amerikanın öz siyasətinin tərkib hissəsi olarsa, belə olan halda düşünürəm ki, burada Azərbaycan deyil, daha çox Qərb itirəcəkdir. Çünki biz birinci növbədə nəzərə almalıyıq ki, hər hansı daxili məsələləri qabardaraq regional və beynəlxalq prosesləri görməmək, Azərbaycanı xarici təsirlərin qarşısına daha çox itələmək, yaxud bizim ölkəmizi Rusiya ilə toqquşşdurmaq üçün bu dinləmələrdən faydalanmaq, bunu əllərində bir alətə çevirmək çox yanlış bir xəttidr və o qədər də səmərə verə bilməz".

Zahid Oruc daha bir məqama toxunaraq bildirib ki, ölkəmiz Qərblə daha sıx əməkdaşlıq etdiyi zaman hakimiyyətə qarşı tənqidlər arxa plana keçirilir: "Bilirsiniz, çox açıq söyləmək lazımdır ki, Azərbaycan Qərblə, Avropa Birliyi ilə tərəfdaşlığını dərinləşdirəndə müəyyən mənada bu tənqidlər arxa plana keçir. Elə ki, bizim xarici siyasətdə digər ünvanlar, qitələr də rol oynamağa başlayır, Azərbaycan-Rusiya əlaqələri yaxşılaşır, o cümlədən İranla da hər hansı bir konfrontasiyalar yaşanmır, bu zaman belə xarakterli dinləmələr meydana çıxır və növbəti çıxışların şahidinə çevrilirik. Çox pis və mənfi olardı ki, sonrakı dövr Konqres bu dinləmələrin pozitiv deyil, neqativ fikirlərindən faydalanmağa çalışsın. Düşünürəm ki, bu çox ziyanlı tendensiya olardı. Ona görə də bütövlükdə, müəyyən mənada kimlərsə bunu "kritik dinləmələr" kimi xarakterizə edirsə, çox yanılırlar. Bunu hər hansı şəkildə hökümət, dövlət əleyhinə yönləndirmək yolverilməzdir. Çünki söhbət Azərbaycanın mənafelərindən və maraqlarından gedir".

Millət vəkili Qərb fondlarının, eləcə də mətbuatının Azərbaycan hakimiyyətinə qarşı qərəzli mövqe sərgiləmələrinə, korrupsiya və digər məsələlərlə bağlı "həyacanverici" rəylər səsləndirmələrinə də münasibətini bildirdi və qeyd etdi ki, belə qurumlar adətən bir-birləri ilə daimi təmasda olurlar: "Azərbaycan hakimiyyətinin Qərbin müxtəlif fond və media qurumları tərəfindən tənqid olunmasına gəlincə, onların hamısı bir yerdə koordinasiya olunurlar. Onlar arasında çox güclü bir rabitə var. Biri-digəri ilə şəbəkəli şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycan belə şəbəkələşmiş maraqlara qarşı mübarizə aparır. Belə fond və media qurumlarının məqsədləri demokratiya maraqlarını müdafiə etməkdən ibarət deyil. Baxın, onlar ayrı-ayrı fərdlərin azadlıqlarını elə müdafiə edirlər ki, sanki bu, Qarabağ məsələsi qədər önəmli bir məsələdir. Yəni milli problemi ayrı-ayrı şəxslərdən arxa plana salmaq bunların həqiqi niyyətlərini kifayət qədər ifşa edir. Ona görə də düşünürəm ki, artıq Azərbaycan Prezidenti bir Lider olaraq dövlətə başçılıq etməkdədir. Bunu hər hansı bir şəkildə başqa adlarla adlandırmaq heç bir məntiqə, mənaya sığımır. Hər kəs çox gözəl bilir ki, O, şox müdrik, doğru addımlar atan bir şəxsiyyətdir. Buna görə də bəzi Qərb qurumları tərəfindən Azərbaycanın xarici siyasətinə təsir etmək, ona diqtə etmək, keçmiş Kremlin oynadığı rolu təkrar oynamaq kimi cəhdlər var. Həmin dinləmələrdə səslənən neqativ fikirləri də məhz bunun tərkib hissəsi saymalıyıq. Azərbaycanı tənqid edənlər görünür heç də yaxşı dinləməyiblər. Yəni bu istiqamətdə çıxış edənlər monoloq, yaxud diktə formasında danışan tərəflərdir və bu kimi çıxışlarda Azərbaycanın real, həqiqi mənzərəsi əks olunmayıbdır. Tənqidi fikirlərlə çıxış edənlər bizi də dəvət etsinlər və əsl, real mövqeni biz orada ifadə edəcəyik. Qoy, Helsinki Komissiyası millət vəkillərini keçirdikləri bütün tədbirlərə çağırsın, onda onların birtərəfli qaydada söylədikləri arqumentlərin böyük hissəsi öz cavabını tapacaqdır".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə