Ağabəy Əsgərov: "Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə yeni bir dövr başlandı”
"1993-cü ilin iyununda məhv olmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə yeni bir dövr başlandı. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanın informasiya blokadasında olmasının əsas səbəblərindən biri ölkəmiz haqqında məlumatsızlıq idi. Bu durum erməni yalanlarının ayaq tutub yeriməsinə geniş imkanlar açırdı". SİA-nın məlumatına görə, bunu "Azərbaycan" nəşriyyatının baş direktoru, YAP Siyasi Şurasının üzvü Ağabəy Əsgərov 15 iyun Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bildirərkən deyib.
YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, həmin illərdə Naxçıvan Muxtar Respublikası nəinki iqtisadi, həm də siyasi, informasiya blokadasında idi: "Burada məsələ Naxçıvandan getmirdi. Əsas məqsəd Ümummilli Lider Heydər Əliyevi blokadaya almaq idi. O vaxtlar "Səs" və "İki sahil" qəzetləri vasitəsi ilə bu blokadanı yarmağa çalışırdıq. Həmin dövrdə mənimlə bərabər Siyavuş Novruzov, Abdin Fərzəliyev, Əli Nağıyev idi və başqaları da var idi ki, hər hansı hücuma baxmayaraq öz mübarizəmizi aparırdıq. O vaxtkı dırnaqarası müxalifət demokratiyadan danışsa da, əməldə əsil demokratiyadan danışanları döyürdülər, həbs edirdilər. O vaxt İskəndər Həmidov istədiyi kimi bölmələr yaradırdı. Yəni onlar o qədər çirkin və alçaq oyunlar aparırdılar ki, xalq da bütün bunların şahidi idi. Bir faktı xatırlatmaqla bir daha onların alçaq niyyətlərini göstərmək istərdim. İskəndər Həmidovla qonşu idim.
Mənim o vaxt "Volqa" markalı maşınım var idi. Bir gün səhər evdən çıxıb həyətdə qoyduğum maşina minmək istərkən gördüm ki, maşının içini töküb-dağıdıblar. Sonradan məlum oldu ki, mənə qarşı sui-qəsd etmək istəyiblər. Görün, o həyətdə Daxili İşlər naziri yaşadığı halda belə təxribatlara şərait yaradırdılar. Digər bir məqama da toxunmaq istərdim. O vaxt Yeni Azərbaycan Partiyasının təşkilatlanması ilə bağlı təşkilat komitəsi yaradılmışdı və komitənin sədri Ulu Önədər Heydər Əliyev idi, 15 nəfər üzvündən biri də mən idim. Təşkilat komitəsinin üzvləri regionlarda partiyanın təşkilatlarının yaranması ilə bağlı işlər aparılırdı. İlk təsis konfransı 1993-cü il yanvarın 12-də Biləsuvar rayonunda keçirildi. Sonra digər rayonlarda da partiyanın təsis konfransları keçirildi. Lakin aprelin 2-də fövqəladə vəziyyət elan etdikdən sonra təsis konfranslarının keçirilməsi dayandı. Təxmini 40 rayonda partiyanın ilk təşkilatlarının yaranması ilə bağlı təsis konfransları keçirmişdik. Bütün regionlardan partiyaya axın getdikcə artırdı, hamısı da bildirirdi ki, biz Ulu Öndər Heydər Əliyevin partiyasına üzv olmaq istəyirik.
Ağabəy Əsgərov dırnaqarası müxalifətin mənəviyyatsızlığından da danışıb: "Bilirsiniz ki, bunların hamısı meydandan hakimiyyətə gəliblər, ancaq hakimiyyətə gələn kimi bildirdilər ki, mitinq olmaz. Bütün bu tip və buna bənzər özbaşnalıqlar Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti ilə aradan qaldırıldı. Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, separatçı qüvvələr zərərsizləşdirildi, ictimai-siyasi sabitlik bərpa olundu, demokratik dövlət quruculuğu prosesinə başlanıldı. Ölkənin sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Müstəqillik, azərbaycançılıq, ədalət, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərə söykənən qabaqcıl ideologiya dövlət quruculuğu prosesinin əsas siyasi xəttinə çevrildi. Məhz buna görə də 1993-cü il iyunun 15-i Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Qurtuluş tariximizin əsasını qoyan Ümummilli Liderimiz Azərbaycanı xilas etdi, vətəndaş həmrəyliyinin əsaslarını yaratdı, insanlarda gələcəyə inam, əzm və iradə, qurub-yaratmaq eşqini bərpa etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB