Elmar Məmmədyarov: "Ermənistan silahlı qüvvələri dərhal Azərbaycan ərazilərindən çıxarılmalıdır" FOTOLAR

Elmar Məmmədyarov: "Ermənistan silahlı qüvvələri dərhal Azərbaycan ərazilərindən çıxarılmalıdır" FOTOLAR

Bu gün nazir Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri Anifah Amanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, nazir Elmar Məmmədyarov Malayziya xarici işlər nazirinin ölkəmizə səfərinin Azərbaycan-Malayziya əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

Nazirlər tərəfindən iki ölkə arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi məsləhətləşmələr mexanizminin intensivləşdirilməsi və müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Malayziya tərəfinə minnətdarlığını ifadə edib.

Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğal edildiyi, bir milyondan artıq Azərbaycan vətəndaşının öz doğma torpaqlarından qovulduğunu və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmənin törədildiyini deyən nazir Elmar Məmmədyarov 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb. O, BMT TŞ-nın qətnamələrində Ermənistanın silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının tələb olunduğunu xatırladıb.

Görüşdə Azərbaycan ilə Malayziya arasında energetika, investisiyalar, turizm, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları, elm-təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barəsində fikir mübadiləsi aparılmış və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə