Qabil Hüseynli: "Görüş Azərbaycanın strateji mövqelərinin möhkəmləndirməsinə təsir edəcək" Müsahibə
Politoloq Qabil Hüseynlinin SƏS TV-yə müsahibəsi:
- Bu gün Bodrum (Türkiyə) şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı keçirilib. Azərbaycan da həmin toplantıda iştirak edib. Bu toplantının ölkəmiz üçün nə kimi əhəmiyyəti olacaq?
- İlk olaraq qeyd edim ki, əvvəllər Türkdilli Dövlətlərin dövlət başçılarının zirvə toplantısı mütəmadi şəkildə keçirilirdi. Lakin xarici dövlətlərin müdaxiləsindən sonra bu sammitlər öz fəaliyyətini dayandırdı. Yenidən bu sammitlərin fəaliyyətinin bərpa edilməsi müsbət hadisədir. Bundan əvvəl Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılmışdı. Qərargahı Bakıda yerləşən assambleyanın artıq 3-cü görüşü keçirilib. Keçən il ölkəmizdə Türkdilli Dövlətlərin dövlət başçılarının zirvə toplantısı baş tutdu. İlk vaxtlar sammitdə 4 dövlətin- Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın dövlət başçıları iştirak edirdi. Bu gün Bodrumda keçirilən sammitdə Türkmənistan da iştirak edirdi. Bu da onun göstərir ki, türkdilli dövlətlərin əməkdaşlıq sferası xeyli genişlənib və bura yeni fəal oyunçular daxil olmaqdadır. Hazırda Özbəkistandan səs yoxdur. Halbuki əvvəlki illərdə sammitlərdə fəal iştirak edirdi. İnanıram ki, yaxın gələcəkdə Özbəkistanı da bu sıralarda görə biləcəyik. Bununla da müstəqilliyi olan türk dövlətlərinin 6-sının iştirakı ilə böyük sammitin keçirilməsi baş tutacaq. Dünyada türk toplumlarının kifayət qədər çox olmasına baxmayaraq, onlar muxtar vilayət səlahiyyətlərindədirlər. Bu səbəbdən də onların belə geniş siyasi inteqrasiyaya getmək imkanları yoxdur. Çünki tərkibində olduqları dövlətlər buna imkan vermirlər.
Ümumilikdə bugünkü toplantının keçirilməsini siyasi hadisə hesab edirəm. Bundan əvvəl Tbilisidə Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə geniş bir forum təşkil edilmişdi. Burdan da belə bir nəticəyə gəlmək olar ki, bu kimi tədbirlərin gələcəyi olduqca perspektivlidir. Çünki burada əsas aparıcı qüvvələr Türkiyə və Azərbaycandır. Təbii ki, Gürcüstanın da belə ciddi birliyə ehtiyacı var. Cənubi Qafqaz və Orta Asiya daxil olmaqla bu məkanda ciddi siyasi inteqrasiya prosesləri gedir. Nəticə etibarı ilə bu dövlətlər həm özünü müdafiə məqsədi, həm də dünya siyasətinə fəal təsir etmək imkanlarına malik olmaq qüdrətinə sahib olmaq üçün birliklər yaradırlar. Odur ki, bu tədbirə böyük əhəmiyyət verirəm. Çünki türk dövlətlərinin birliyi post- sovet məkanında yeni qüvvələr nisbətinin formalaşmasına ciddi təsir göstərə bilər. Eyni zamanda bu dövlətlərin birgə razılaşdırılmış siyasət yürütmələri dünyadakı geosiyasi proseslərə təsir etmək imkanı qazana bilər. Görüş və onun iştirakçılarının sayının artması müsbət haldır. Əminəm ki, görüşün nəticəsində yaranacaq yeni əməkdaşlıq qurumu hələlik iqtisadi sahələri əhatə edəcək. Görüş həm də Azərbaycanın özünün də strateji mövqelərinin möhkəmləndirməsinə ciddi təsir edəcək.
- Toplantıda ölkə başçımız İlham Əliyevin bir neçə dövlətlərin rəhbərləri ilə təkbətək görüşü oldu. Həmin görüşləri necə dəyərləndirirsiniz?
- Toplantı çərçivəsində ölkə başçısı İlham Əliyev Türkiyə prezidenti Abdullah Gül və Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovla görüşüb. Düşünürəm ki, Türkiyə ilə münasibətlərimizdə hər hansı bir problem yoxdur. Ona görə də həmin görüşdə qardaşlıq münasibətləri öz təsdiqini bir daha tapmış oldu. Lakin Türkmənistan prezidenti ilə görüş prinsipial əhəmiyyətə malik idi. Uzun müddət Azərbaycanla Türkmənistan arasında müəyyən soyuqluq olub. Xüsusilə də Xəzər dənizinin bölgüsü məsələsində Türkmənistan Azərbaycandan fərqli mövqe sərgiləyir. Belə ki, onların mövqeyi İrana daha yaxındır. Xəzərdə bir sıra neft və qaz yataqlarına münasibətdə Türkmənistanın əsaslandırılmayan iddiaları var. Lakin ölkəmiz bu iddiaların təmin edilməsi üçün kompramis variantlar təklif edir.
- Prezident İlham Əliyev Avrasiya İttifaqı çərçivəsində prezidentlərə ünvanladığı məktubuna əsasən Qazaxıstan prezidentinin Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirdi. Nazarbayevin mövqeyini türkdilli xalqların birliyi, həmrəyliyi kimi dəyərləndirmək olarmı?
- Təəssüf ki, hazırda ümumtürk şüurunun formalaşması prosesi müəyyən əngəllərlə müşayiət olunur. Misal olaraq, Qırğızıstanın keçmiş prezidenti Ermənistana səfər edərkən qondarma soyqırımı ilə bağlı abidənin üzərinə çələng də qoymuşdu. Bu da onu göstərir ki, hələ ümumtürk problemlərinin həll edilməsi yolunda müəyyən əngəllər var. Lakin bir çox dövlətlər bu prosesi sürətlə keçə bilirlər. Bu işdə Qazaxıstanın mövqeyi daha təqdirə layiqdir. Nazarbayevin mövcud addımı həm Ermənistan prezidenti Serj Sarkisyanı, həm də bütövlükdə dünya ictimaiyyətini təəccübə salıb. Çünki o, həqiqətləri səsləndirib. Eyni zamanda həqiqətlərə nəzarət edəcəyini də bəyan edib. Bütün bunlar onu göstərir ki, Azərbaycan diplomatiyası ciddi uğurlar qazanır. Prezident İlham Əliyev də layiqli addım ataraq, ona məktub göndərdi. Nazarbayevin təkidi ilə Ermənistanın bu ittifaqa daxil olması iyulun 1-nə kimi uzadılıb.
- ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan Azərbaycan prezidentlərinin görüşünün keçiriləcəyini bildirib. Bu görüşdən gözləntilərimiz nələrdir?
- ATƏT xətti ilə aparılan danışıqlar prosesi uğurla həyata keçirilmir. Hətta məsələ dalana dirənib desək, yanılmarıq. Minsk qrupu bu günə qədər işini səmərəsiz aparıb. Daha dəqiq desək, prinsipial məqam yetişəndə həmsədrlər yaxalarını kənara çəkirlər. Onların təklif etdikləri həll variantlarında Azərbaycanın ərazi bütövlüyü hər zaman şübhə altında qalır. Buna görə də Azərbaycan həmin qurumun xidmətindən ən azından imtina etmək, yaxud da formatın dəyişdirilməsi barədə təkliflər verir. ATƏT-in fəaliyyətdə olan sədri, eyni zamanda İsveçrənin prezidenti Azərbaycanda səfərdə oldu. Minsk qrupunun daxilində yaranan böhranın aradan qaldırılması istiqamətində səylər göstərdi. Hadisələri indidən qabaqlamaq istəmirəm, lakin görüşün ümidverici olacağına inanmıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB