Millət vəkillərimiz AŞPA-nın tədbirində iştirak edəcəklər

Millət vəkillərimiz AŞPA-nın tədbirində iştirak edəcəklər

Millət vəkilləri Sahibə Qafarova və Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyası (AŞPA) komitələrinin iclaslarında iştirak etmək üçün Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar. SİA-nın xəbərinə görə, millət vəkili Sahibə Qafarova qurumun bu gün keçiriləcək Gender bərabərliyi komitəsinin toplantısında iştirak edəcək.

Tədbirdə ərəb inqilablarından sonra yaranan demokratiyalarda qadınların vəziyyəti, Avropada dini zəmində diskriminasiyanın aradan qaldırılması, qadınlara qarşı zorakılıqla mübarizə, fiziki çatışmazlığı olan insanların hüquqlarının təmin edilməsi məsələləri müzakirə olunacaq.

Digər millət vəkili Rafael Hüseynov isə iyunun 4-də keçiriləcək Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasına qatılacaq, "Etiqad azadlığı və dini praktika" mövzusunda məruzə ilə çıxış edəcək. Yığıncaqda həmçinin mədəniyyətlərarası dialoqun təşviqi, qarışıq mədəniyyətlər dönəmində kitabxanalar və muzeylər, böhran və böhrandan sonrakı durumlarda mədəniyyətin mühafizəsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə