Elman Nəsirli: “Biz Ermənistan dövləti ilə Avrasiya İttifaqında ola bilmərik” AÇIQLAMA

Elman Nəsirli: “Biz Ermənistan dövləti ilə Avrasiya İttifaqında ola bilmərik” AÇIQLAMA

"Ermənistan dövləti Avropa İttifaqı ilə Assosativ saziş və Azad Ticarət Zonası ilə bağlı məlum sənədi imzalamaqdan imtina etdiyi anda artıq bəlli idi ki, işğalçı ölkə Rusiyanın müəyyən etdiyi xətt üzrə davranacaq. Həmin xətt isə ondan ibarətdir ki, Ermənistan Rusiyadan, Belarusdan və Qazaxıstandan ibarət Gömrük İttifaqına üzv olmalıdır. Bu da 2013-cü ilin sentyabr ayının 3-də Serj Sarkisyanın Moskvaya səfəri zamanı öz təsdiqini tapdı". Bunu SİA-ya Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması məsələsini şərh edərkən belə deyib.

Politoloqun sözlərinə görə, artıq 2015-ci ilin yanvar ayının 1-dən Avrasiya İttifaqı öz işinə başlayacaq: "Bununla da bağlı Rusiyanın niyyəti ondan ibarətdir ki, burada ilkin sənədlər imzalanmalıdır. Belə ki Avrasiya İttifaqının yaradılmasını özüdə ehtiva edən sənədlər qüvvəyə minməlidir. Həmin sənədlər isə may ayının 29-da imzalandı. İmzalanma mərasimində Rusiya, Belarus və Qazaxıstan kimi Gömrük İttifaqının üzvləri iştirak etdilər. Təbii ki, Ermənistan prezidenti Serj Sarkisyan da bildirdi ki, iyun ayının 15-nə kimi onlar da müvafiq sənədi imzalayacaqlar və Avrasiya İttifaqının təmsilçiləri siyahısına daxil olacaqlar. Qeyd edim ki, Avrasiya İttifaqına daxil olmaqla bağlı Ermənistan tərəfi, ümumiyyətlə isə hər bir dövlət 126 sənəd qəbul etməlidir. Həmin 126 sənəddən 119-nu işğalçı ölkə qəbul edib. Qalan 7 sənəd isə imzalanma vaxtı həmin imzalanmış müqavilənin tərkibinə daxil idi.

Heç şübhəsiz ki, bu məsələdə ən vacib məqam ondan ibarət idi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq bu təşkilatın təmsilçilərinə (Rusiya, Belarus və Qazaxıstan) müraciət edib. Həmin müraciətin mahiyyəti isə ondan ibarətdir ki, Ermənistanı bu quruma daxil edərkən onun sərhədləri BMT-nin müəyyən etdiyi sənədlər çərçivəsində həll edilməlidir. Eyni zamanda Ermənistan Dünya Ticarət təşkilatının üzvüdür. Təbii ki, bu üzvülük zamanı da onun sərhədləri müəyyən edilib. Hesab edirəm ki, bu reallıq nəzərə alınmalıdır. Ermənistanın niyyəti ondan ibarətdir ki, Dağlıq Qarabağ bu qondarma respublikanın ərazisinə daxil olmaqla, quruma üzv olsun. Ancaq Azərbaycan dövlətinin mövqeyi bəllidir. Bu mövqeyi Qazaxıstan prezidenti Nursultan Nazarbayev müdafiə etdiyini bəyan edib.

Hesab edirəm ki, Azərbaycanın Avrasiya İttifaqı ilə bağlı mövqeyi aktualdır. Ölkəmizin bu məsələdə mövqeyi ondan ibarətdir ki, dövlətimiz prinsip etibarı ilə inteqrasiya proseslərini dəstəkləyir və müdafiə edir. Amma biz işğalçı dövlətin təmsil olunduğu Avrasiya İttifaqında onunla birlikdə ola bilmərik. Çünki Azərbaycan Ermənistan işğal siyasəti və onun nəticələrinə görə, bu dövlətə qarşı təcrid, izolyasiya siyasətini həyata keçirir".

Bütün xəbərlər Facebook səhifəmizdə