Bahar Muradova: "3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxarmaq olmaz"

Bahar Muradova: "3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxarmaq olmaz"

"Qəribədir ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan insanlara qayğı, diqqət, humanist siyasətin ardıcıl olaraq davam etməsi hər dəfə hansısa beynəlxalq dairələrin təzyiqi ilə əlaqəndirilir. Həmçinin Prezident İlham Əliyevin ölkənin müstəqillik günü ərəfəsində verdiyi əfv fərmanı da bu qəbildən oldu". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu qədər ciddi mahiyyəti və məzmunu olan bir addımın 3-5 adamın o siyahıda olmaması ilə əlaqədar gözdən salma siyasəti aparılır: "Sanki bu qərar olmayıb və həmin insanlar evlərinə qayıtmayıb. Əslində, Azərbaycanın milli maraqları uğrunda özünün bütün intellektini sərf edən insanların adının həmin siyahıda olmaması matəm kimi qarşılanır. 3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxarmaq olmaz. Çünki xalq bu hüquq heç kimə verməyib. Xalq ona nə lazım olduğunu çox gözəl bilir. Həm mətbuat orqanlarından, həm də ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan insanlardan bir vətəndaş kimi xahiş edirəm ki, həyatımıza öz müsbət naxışını vuran müsbət məqamları olduğu kimi qiymətləndirək. Neqativ halları da müzakirə edə bilərik, ancaq müsbətləri gözdən salmaq məqsədilə bunu həyata keçirməyək".

Vitse-spiker həmçinin millət vəkili Fazil Mustafanın səhiyyə sahəsi ilə bağlı səsləndirdiyi iradlara da toxunub: "Hələ icbari tibbi sığorta ilə bağlı mexanizm formalaşmayıb. Ancaq bu əsas vermir ki, bu problemlərə şəxsi kontekstdən yanaşaq, səhiyyə nazirinin üzərinə qoyaq. Bütün bunlar bizim problemlərimizdir, məşğul olmalıyıq. Ancaq "səhiyyə nazirindən yarımadıq" yönündə fikirlər ortaya qoymaq düzgün deyil. Fazil Mustafanın səhiyyə sahəsindəki problemlərdən danışıb sonra məsələni şəxsi müstəviyə yönəldəndə, məsələnin məzmunu dəyişir".

Spiker Oqtay Əsədov isə öz növbəsində müraciət etməyən şəxslərin əfv edilməsinin mümkün olmadığını vurğulayıb: "Müraciət etmirlərsə, necə əfv etmək olar? Digər tərəfdən, ildə bir dəfə amnistiya keçirsək, cinayət necə cəzalandırılacaq?".

Qeyd edək ki, millət vəkili İqbal Ağazadə Tofiq Yaqublu, İlqar Məmmədov, Qurban Məmmədov, Əvəz Zeynallın və NİDA-çı gənclərin azadlığa buraxılmasını istəyib: "Ya əfv, ya da amnistiya yolu ilə məhkəmə prosesi başa çatmış bu şəxslərin azadlığa buraxılması yaxşı olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə