İdarə rəisi: “Kapitan Fikrət Məmmədov qısa, lakin şərəfli bir ömür yaşadı”

İdarə rəisi: “Kapitan Fikrət Məmmədov qısa, lakin şərəfli bir ömür yaşadı”

"Kapitan Fikrət Məmmədov qısa, lakin şərəfli bir ömür yaşadı". SİA-nın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov kapitan Fikrət Məmmədovun dəfn mərasimində çıxışı zamanı bildirib.

Polkovnikin sözlərinə görə, Silahlı Qüvvələrimizə ağır itki üz verib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbinin yetirməsi kapitan Fikrət Akif oğlu Məmmədov Ermənistan tərəfin atəş rejimini növbəti dəfə pozması nəticəsində öz vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid olub: "Zabit olmaq həvəsi 2001-ci ildə onu indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirib, buranı müvəffəqiyyətlə bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi olub və nəhayət xidmətini davam etdirmək üçün cəbhə bölgələrindəki hərbi hissələrdən birinə göndərilib. Gənc zabit motoatıcı tağım komandiri kimi vəzifəsinin öhdəsindən layiqincə gəlib, komandir və rəislərin, eləcə də tabeliyində olan şəxsi heyətin rəğbətini qazanıb, döyüş postunda öz tağımının əsgər və zabitləri ilə birlikdə dəfələrlə düşmən təxribatlarının qarşısını alıb.

Kapitan Fikrət Məmmədovun xidmətləri yüksək qiymətləndirilərək o, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 və 95 illiyi" yubiley medalları, "Qüsursuz xidmətə görə" üçüncü dərəcəli medallarla təltif edilib.

Kapitan Fikrət Məmmədov nümunəvi zabit olmaqla yanaşı, həm də mehriban ailə başçısı, iki övlad atası idi.

Nəzərinizə çatdırıram ki, Azərbayan ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi şəxsi rəşadətə görə kapitan Fikrət Məmmədovun ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunması üçün Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə təqdimat göndərib".

Qeyd edək ki, mayın 27-də Erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməsi nəticəsində şəhid olan Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu bu gün Bakı şəhəri ikinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, mayın 27-də erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib. Basqın zamanı iki nəfər ölüb, bir nəfər isə yaralanıb.

Ötən gün gizirimiz Sumqayıtda dəfn edilib.

Basqın zamanı ağır yaralanan əsgərimiz isə Mirzəzadə Mehman Dadaşbala oğlu isə hərbi hospitala yerləşdirilib. Əsgərin vəziyyətində dəyişiklik yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə