Mübariz Qurbanlı: "Bu ərazidə yaradılan qurum oyuncaqdan başqa bir şey deyil" MÜNASİBƏT

Mübariz Qurbanlı: "Bu ərazidə yaradılan qurum oyuncaqdan başqa bir şey deyil" MÜNASİBƏT

"Azərbaycanın Sərsəng su anbarı ilə bağlı mövqeyi dəyişilməzdir. İlk növbədə su anbarı bizə məxsusdur, çünki o, işğal olunan ərazidədir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı ATƏT-in amerikalı həmsədri C. Uorlikin Dağlıq Qarabağ münaqişəsi tərəflərini su resurslarından birgə istifadə etməyə çağırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan həmin su anbarından Azərbaycana qarşı ekoloji təzyiq vasitəsi kimi istifadə edir: "Bu da ekologiya ilə bağlı beynəlxalq qanunları pozur. Ermənilər zamanı çatmadan həmin anbardan suları buraxmaqla təbii fəlakət yaratmağa cəhd göstərirlər. Digər hallarda isə orada süni quraqlıq şəraiti yaratmaq istəyirlər. Ona görə də C. Uorliklə yanaşı ATƏT-in digər həmsədrləri də işğalçı ölkə olan Ermənistana bununla bağlı öz mövqeyini bildirməlidir. Sərsəng su anbarının istifadəsində maneçilik törədilməməlidir. Odur ki, bu cür hallar beynəlxalq hüquqa da ziddir".

M. Qurbanlı həmçinin həmsədrlərin separatçı qurumun rəhbəri Bako Saakyanla görüşünə də münasibət bildirərək qeyd edib ki, Dağlıq Qarabağ işğal olunan ərazidir: "Bu ərazidə yaradılan qurum da ancaq oyuncaq ola bilər. Həmin yalançı qurumu da heç kim tanımır. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda bir sıra görüşlər keçirəndə işğal olunmuş ərazilər kimi həmin görüşləri keçirir və bundan sonra da keçirməlidirlər".

"Həmsədrlər hər zaman çıxışlarında qurumun prinsiplərinə istinad etməlidirlər. Hər hansı bir həmsədr açıqlamasında ATƏT-in müəyyən etdiyi prinsiplərdən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən irəli gələn müddəalardan zidd çıxış edirsə, təbii ki, bu yol verilməzdir. Belə olduğu təqdirdə Azərbaycan lazımi etirazını bildirir" – deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi tərəflərini su resurslarından birgə istifadə etməyə çağırıb. C. Uorlik öz "twitter" səhifəsində Sərsəng su anbarının şəklini paylaşaraq qeyd edib: "Bu, Sərsəng su anbarıdır. Tərəflər su resurlarından birgə istifadə edə bilsəydilər, bu, müsbət addım ola bilərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə