Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu gün keçirilən iclasında "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb. SİA-nın xəbərinə görə, komitə sədri Əli Hüseynlinin rəhbərliyi ilə keçirilən iclasda bildirilib ki, sazişdə Azərbaycan Aİ üzv ölkələrinə qanunsuz köç etmiş vətəndaşlarının geri qaytarılması öhdəliyini götürür.
Sənəddə göstərilir ki, Avropa İttifaqına üzv dövlətin müraciəti əsasında və bu sazişdə ehtiva olunan şərtlərdən əlavə, rəsmiyyətçiliyə yol vermədən, Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olduğu sübut olunan və ya "prima facie" dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir. Sazişdə bu məsələ ətrafında başqa bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya ediləcəyi açıqlanıb, şərtlər göstərilib.
Bununla da sazişə görə Azərbaycan Avropa İttifaqı qarşısında AB ölkələrinə qanunsuz köçən vətəndaşlarının geri qaytarılması və bununla bağlı digər məsələlərə dair yeni öhdəliklər götürür.
İclasda həmçinin o da bildirilib ki, Azərbaycanın işğal olunan torpaqlarında, Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan vətəndaşlarının (əsasən ermənilər) bu sazişə əsasən Aİ-dən readmissiya olunmasının hansı yolla həyata keçirilməsi məsələsi də qaldırılıb.
Komitə sədri Ə. Hüseynli buna cavab olaraq deyib ki, bu məsələ Xarici İşlər Nazirliyi ilə birgə müzakirə olunacaq və saziş plenar iclasda müzakirəyə çıxarılarkən məsələ ilə bağlı konkret fikir təqdim olunacaq.
Qeyd edək ki, müzakirələrdən sonra sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB