Morninqstar: “Uorlikin bəyanatı ABŞ siyasətini əks etdirir”

Morninqstar: “Uorlikin bəyanatı ABŞ siyasətini əks etdirir”

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Karneqi Mərkəzində verdiyi bəyanat çox önəmlidir". SİA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəyanatda səsləndirilən fikirlər ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini çox doğru şəkildə əks etdirir: "Bəyanatın əsas məqsədi həm Azərbaycan, həm Ermənistan tərəfini münaqişənin birdəfəlik dinc yolla həll edilməsi üçün zəruri addımlar atmağa çağırmaq, həvəsləndirməkdir. Burada münaqişənin nizamlanmasına nail olmaq üçün gərəkli olan 6 prinsip öz əksini tapıb: "Səfir Ceyms Uorlik çox aydın şəkildə bəyan edib ki, Dağlıq Qarabağ ətrafında işğal altında olan 7 rayon Azərbaycana qaytarılmalıdır. Həmsədr ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və güc tətbiq etməmə prinsipləri əsasında Dağlıq Qarabağın yekun statusunun müəyyən olunmasının vacibliyini vurğulayıb".

R.Morninqstar qeyd edib ki, danışıqların 20 ilə qədər davam etməsi məyusedicidir: "Ümidvarıq ki, hər ki tərəfdən müsbət addımların şahidi olacağıq".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" adlı məruzə ilə çıxış edib. O çıxışı zamanı münaqişənin həlli ilə bağlı 6 element açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə