Bahar Muradova: “Həmsədrlərin Laçın və Kəlbəcərə səfəri Azərbaycan üçün də maraqlıdır”

Bahar Muradova: “Həmsədrlərin Laçın və Kəlbəcərə səfəri Azərbaycan üçün də maraqlıdır”

ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri,Bahar Muradova ATƏT-in Minsk Qrupu həmsədrlərinin Laçın və Kəlbəcərə səfərinə münasibət bildirib. SİA-nın məlumatına görə, məsələ ilə bağlı jurnalistlərə açıqlama verən B. Muradova deyib ki, həmsədrlərin Laçın və Kəlbəcərə səfəri Azərbaycan üçün də maraqlıdır.

Onun sözlərinə görə, əvvəllər də ATƏT-in Faktaraşdırıcı Missiyası bölgədə olub, işğal altındakı torpaqlarda vəziyyət, Ermənistanın həyata keçirdiyi vandal hərəkətləri qeydə alıb: "Uzun müddət idi ki, Azərbaycan işğal altındakı ərazilərə belə bir missiyanın gəlişini tələb edirdi. Çünki işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparılır. Suriyadan gələn erməni köçkünlər, dünyanın başqa ölkələrindən gələn ermənilər məcburi qaydada Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılır. Bu da beynəlxalq konvensiyalara ziddir. Bu məsələ Azərbaycan tərəfindən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT qarşısında qaldırılıb. İndi ATƏT-in Minsk qrupunun həmsədrləri Laçın və Kəlbəcərə səfər edəcəklər. Düşünürəm ki, söylədiklərimizə bir daha yerində əmin olacaqlar və bu faktlar onların hesabatlarında əksini tapacaq. Çox arzulayardıq ki, həmsədrlərin Laçın və Kəlbəcərə səfəri qeydə alınmış faktlardan, hazırkı durumdan konkret nəticələrə gətirib çıxaran fəaliyyətə və hərəkətə səbəb olaydı".

Bütün xəbərlər Facebook səhifəmizdə