Azər Badamov: “Azərbaycanın rolunu daha da gücləndirmək ölkə başçısının amalıdır” MÜSAHİBƏ

Azər Badamov: “Azərbaycanın rolunu daha da gücləndirmək ölkə başçısının amalıdır” MÜSAHİBƏ

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamovun SƏS TV-yə müsahibəsi

- Azər müəllim, Prezident İlham Əliyev "The Business Year" nəşrinə müsahibəsində Azərbaycanın əldə etdiyi iqtisadi siyasi uğurlarını qeyd edib. Ümumilikdə bu müsahibə ilə Azərbaycan gerçəklərinin dünya ictimaiyyətinə bir daha çatdırıldığını demək olarmı?

- Cənab prezident hər zaman olduğu kimi Azərbaycanın sosial-iqtisadi inkişafı, daxili və xarici siyasətdə qazandığı uğurları haqqında bütün görüşlərdə, müsahibələrində ətraflı məlumat verir. Sözügedən jurnala müsahibəsində də ölkə başçısı eyniylə Azərbaycanın son illərdə qazandığı uğurlardan geniş bəhs edib. Ölkənin bütün sahələrində aparılan düzgün islahatlar nəticəsində qazanılan uğurları beynəlxalq ictimaiyyətə çatdırmaqla Azərbaycanın yerini və rolunu daha da gücləndirmək ölkə başçısının amalıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında yürüdülən siyasətin nəticəsi olaraq bu gün ölkədə işsizliyin, yoxsulluğun səviyyəsi azalaraq dünyanın bir sıra ölkələrini geridə qoyub. Son illərdə dünyanın inkişaf etmiş ölkələrində iqtisadi böhranın yaşanmasına baxmayaraq Azərbaycan bu böhrandan yan keçdi. Təbii ki, bütün bunların kökündə yalnız bir səbəb dayanır. O da ölkə başçısının apardığı düzgün siyasət.

- Müsahibədə həmçinin, Azərbaycan cəmiyyəti üçün yeni olan Asan Xidmətin əhaliyə göstərdiyi yüksək xidmətdən bəhs edilib. Bu yenilik barədə nə deyə bilərsiniz?

- Cənab prezidentin də qeyd etdiyi kimi Asan Xidmət Azərbaycanın modelidir. Asan Xidmətin məqsədi müəyyən dairələrdə mövcud olan korrupsiya hallarının qarşısını almaqla əhaliyə maksimum xidmət göstərməkdir. Bu gün bu xidmətlər paytaxt Bakı ilə yanaşı regionlarda da təşkil edilir. Düşünürəm ki, yaxın zamanda bu xidmət ölkəmizin bütün regionlarını əhatə edəcək. Sevindirici haldır ki, Azərbaycana məxsus bu model dünyanın ayrı-ayrı ölkələrinin marağına səbəb olub. Onlar hətta bu sistemi öz ölkələrində tədbiq etməyə çalışırlar.

- "Human Rights Watch" təşkilatı növbəti dəfə Azərbaycanla bağlı qərəzli hesabat yayıb. Sizcə, bu təşkilatın Azərbaycana qarşı qərəzlı mövqeyindən çıxış etməsinin səbəbi nə ilə bağlıdır?

- Hansı ölkə inkişaf edirsə, hansı ölkə digər ölkələrdən asılı deyilsə ona qarşı qərəzli mövqe olur. "Human Rights Watch" və buna bənzər təşkilatlar Azərbaycana qarşı hər zaman qərəzli mövqedən çıxış ediblər. Bunun səbəbi isə aydındır. Müəyyən maraqlara xidmət edən insanların məlumatları əsasında bu hesabatlar tərtib edilir. Bu təşkilatların istəyi Azərbaycanı onlara tabe etməkdir. Ancaq hər kəs bilir ki, bu mümkün deyil. Çünki Azərbaycanın müstəqil ölkədir, öz siyasi xətti var, beynəlxalq arenada söz sahibinə çevrilib. Xarici ölkələr və təşkilatlar bu müstəqilliyə, siyasətə hörmətlə yanaşmalıdırlar. Əgər hansısa hesabat yaymaq niyyətindədirlərsə, o zaman rəsmi şəkildə müəyyən qurumlara müraciət edərək məlumatlar əldə etməli və bunun əsasında da reallığı əks etdirən hesabatlar yaymalıdırlar. Əks halda bunların hesabatları əhəmiyyətsiz kağız üzərində qalacaq.

- Təşkilat iddia edir ki, güya Azərbaycanda siyasi məhbuslar var. Burada insanlara günahsız yerə həbs olunurlar. Bu iddiaların məntiqsiz və əsasız olduğunu hansı faktlarla qeyd edə bilərsiniz?

- Azərbaycan hüquqi, demokratik dövlətditr. Burada vətəndaşların bütün hüquqları qorunur. Ölkəmizdə müxalif siyasi partiyaların mövcudluğu, müxalifət qəzetlərinin nəşri, insanların sərbəst fikir söyləmələri Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunun göstəricisidir. Təəssüf ki, bəzi qərəzli beynəlxalq təşkilatlar reallığı görmək istəmir, tamamilə əks məlumatlar yaymaqla məşğuldurlar. Hesab edirəm ki, ölkədə mövcud vəziyyətə düzgün yanaşma olmalıdır. Əgər düzgün yanaşma yoxdursa, onların hesabatları da əhəmiyyətsizdir.

- Demək olarmı ki, Leyla və Arif Yunuslar kimi şəxslər Azərbaycanın imicini ləkələmək üçün "Human Rights Watch" və bu kimi təşkilatlarla əməkdaşlıq edərək, onlara Azərbaycanla bağlı yalan, şər böhtan xarakterli informasiyalar çatdırırlar?

- Həm Leyla Yunus, həm də Arif Yunusov birbaşa Azərbaycan əleyhinə işləyən insanlardır. Onlar üçün ölkənin müqəddaratı, maraqları əhəmiyyətli deyil. Onları yalnız həmin təşkilatlkardan aldıqları qrantlar maraqlandırır. Bunlar ancaq ölkəni satmaqla, ölkəmizə xələl gətirən həqiqətdən kənar məlumatlar ötürməklə məşğuldurlar. Bu cür məlumatlar əsasında hesabatlar yayan təşkilatların fəaliyyətini düzgün hesab etmirəm. Nə qədər ki, sözügedən təşkilatlar bu cür insanların yalanları üzərində hesabatlarını quracaqlar, o zaman qədər də nüfuzları olmayacaq.

- Fransa prezidenti Fransua Olland məhz AXCP və Müsavat liderlərini, Leyla Yunus və Xədicə İsmayıl kimi şəxslərlə görüşüb. Bu görüş özündə nələri ehtiva edir?

- Fransa prezidentinin Qafqaz regionuna səfərinin Azərbaycandan başlaması iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Fransa prezidentinin ölkəmizə səfəri çərçivəsində "Özümü ikinci Fransada hiss etdim" fikirləri özündə bir çox məqamları əks etdirir. Belə ki, ölkəmizə səfər edən xarici dövlət rəsmilərinin hər biri burada gedən inkişafın şahidi olurlar. Bunu heç kim inkar edə bilməz. Əgər kimsə Azərbaycan haqqında mənfi fikir söyləyirsə, demək o Azərbaycanı görməyib və yaxud da görmək istəmir. Fransua Ollandın bir sıra şəxslərlə görüşməsi ölkəmizdə demokratiyanın olduğunu bir daha sübut edir. Azərbaycanda müxalifət partiyaları var və istənilən halda sözlərini deməyə azaddırlar. Əgər bu insanlar xarici dövlət rəhbərləri ilə Qarabağ həqiqətləri və torpaqlarımızın düşmən tapdağından azad edilməsi yolları ətrafında müzakirə aparırsa, biz onu müsbət qarşılayarıq. Düşünürəm ki, bu insanlar Fransa prezidenti ilə görüşdə də yaşadıqları ölkəni ləkələməyə, mənfi rəy yaratmağa çalışıblar. Ancaq qəbul etsinlər ki, bu günki Azərbaycan 20 il öncəki deyil. Bu gün Azərbaycan Avropanın ayrılmaz hissəsinə çevrilərək dünyada sözünü deməyə qadir dövlətdir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə