Elman Abdullayev: “Bunun məsuliyyəti birbaşa Serj Sarkisyanın üzərinə düşür” AÇIQLAMA

Elman Abdullayev: “Bunun məsuliyyəti birbaşa Serj Sarkisyanın üzərinə düşür” AÇIQLAMA

"Bu gün ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada tarixi uğurlara imza atır". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Prezident İlham Əliyevin "The Business Year" nəşrinə verdiyi müsahibədəki fikirlərinə münasibət bildirərkən deyib.

XİN rəsmisinin sözlərinə görə, bu gün ölkəmizin uğurlarına Ermənistan dövləti də şahiddir: "Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Azərbaycan güclənən və regionun liderinə çevrilmiş bir dövlətdir. İşğalçı ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindəki qeyri-konstruktiv mövqeyi onun özünə zərərlidir. Təbii ki, bunun da birbaşa məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür. Məhz buna görə də işğalçı ölkənin rəhbərliyi bir gün öz xalqına hesabat verəcək".

Elman Abdullayev "Human Rights Watch" təşkilatının Azərbaycanda insan haqları ilə bağlı növbəti qərəzli hesabatına da münasibət bildirərək deyib ki, bu kimi təşkilatlar ilk növbədə öz etibarını itirib: ""Human Rights Watch" və digər bu kimi təşkilatlar öz qərəzliliyini və əsl simaalarını ortaya qoyublar. Ən azından bu təşkilatların yaydıqları hesabatlara inanmaq sadəlöhvlük olardı. Əgər bu təşkilatlar hesab edirlərsə ki həmin qərəzli hesabatlarla hər hansı bir ölkəyə təzyiq edə bilərlər, onlar yanılırlar. Çünki Azərbaycana qarşı heç kim siyasi təzyiq edə bilməz. Ölkəmiz müstəqil dövlət olduğunu artıq bütün dünyaya nümayiş etdirib. Bu gün Azərbaycanın uğurları, gördüyü işlər və apardığı islahatlar göz önündədir".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev "The Business Year" nəşrinə verdiyi müsahibədə Ermənistanın ünvanına yönəlik bu fikirləri səsləndirib: "Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Münaqişə davam etdikcə Ermənistan dövləti bölgənin bütün transmilli və regional inkişaf layihələrindən kənarda qalacaq, erməni xalqının vəziyyəti pisləşməkdə davam edəcək və ölkənin olub-qalan sosial-iqtisadi potensialı tükənəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə