"Hər dəfə "Azərbaycan bu və ya digər şəkildə uğurlu siyasət həyata keçirərkən "Human Rights Watch" və bu kimi təşkilatlar öz "mövqe"lərini, simalarını ortaya qoyurlar. Hesab edirəm ki, bu hesabat "Human Rights Watch"un məsələlərə ənənəvi yanaşma tərzidir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli "Human Rights Watch"un Azərbaycanla bağlı açıqladığı qərəzli hesabata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, "Human Rights Watch"un son hesabatı Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlaması ilə bağlıdır: "Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlaması bir çox istiqamətlərdə, o cümlədən həm ölkənin maraqlarının ifadəsi, həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından prespektivlər açır. Şübhəsiz ki, bu erməni diasporunun, lobbisinin və ermənipərəst qüvvələrin maraqlarını təmin etmir. Onlar da özlərinin himayə və maliyyələşdirdiyi təşkilatlar vasitəsi ilə ölkəmizə qarşı təxribat aparmağa çalışırlar".
E.Mirzəbəyli vurğulayıb ki, "Human Rights Watch" bəzi hallarda adları çıxmaq şərti ilə eyni formada və mətn üzərində hesabatlar təqdim edir: "Bu trafaret bir hesabatdır. Bəzi hallarda adlar dəyişdirilir, anca mahiyyət olduğu kimi qalır. Hesab edirəm ki, bu kimi hesabatlara xüsusi əhəmiyyət vermək lazım deyil. Çünki, "Human Rights Watch" və bu kimi beynəlxalq təşkilatların qiymətləndirmə meyarının mahiyyəti aydındır".
BAXCP-nin sədr müavini qeyd edib ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edən "Human Rights Watch" un hansı əsaslara söykəndiyi də bəlli deyil: "Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə faktiki olaraq əməl edir. Götürdüyü öhdəlikləri yerinə yetirməməklə bağlı hər hansı bir iradlar olsaydı, bu Avropa Şurası tərəfindən səsləndirilməli idi. Avropa Şurası "Human Rights Watch"a hər hansı bir vəkalət verməyib ki, onun adından müxtəlif iddialarla çıxış etsin".
BAXCP rəsmisi bildirib ki, bu gün ortada olan ən böyük problem Azərbaycan ərazilərin işğal altında olmasıdır: "İnsan hüquqlarının pozulmasından dəm vuran beynəlxalq təşkilatlar ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün pozulması nəticəsində bir milyon vətəndaşımızın hüquqlarının pozulmasına diqqət yetirməlidirlər. Hesab etmirəm ki, istintaqa cəlb edilmiş Leyla Yunusun hüquqları bir milyon vətəndaşımızın pozulmuş hüquqlarından daha yüksəkdir. Bu baxımdan qərəz və münasibət ortalıqdadır. Azərbaycan öz siyasətini "Human Rights Watch"un iddiaları və maraqları əsasında deyil, vətəndaşının maraqları əsasında yürüdür".
E.Mirzəbəyli hesab edir ki, "Human Rights Watch" və bu kimi təşkilatlarla Leyla Yunus arasında qarşılıqlı "əməkdaşlıq" olub: "Leyla Yunus hüquq müdafiəçisi adına iddia edən alverçidir. Onlar mütəmadi olaraq qrand bölgüsündə, beynəlxalq təşkilatların ayırdığı vəsaitlərin bölgüsündə, oğurlanmasında və mənimsənilməsində birgə işləyiblər. "Human Rights Watch"da olan bəzi dəllalların maddi maraqlarına ziyan dəydiyindəndir ki, Azərbaycanla bağlı belə bir "mövqe" ortaya qoyublar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB