Fazil Mustafa: “Onların Ollandla görüşməsi elə Serj Sarkisyanla görüşməkdir”

MÖVQE
Fazil Mustafa: “Onların Ollandla görüşməsi elə Serj Sarkisyanla görüşməkdir”

"Fransa prezidenti Fransua Ollandla görüşməyi özümə şərəf bilmirəm, hətta bəzi hallarda şərəfdən kənar hesab edirəm. Çünki erməni soyqırımını dəstəkləyən bir ölkənin prezidenti ilə görüş nə zamandan divident hesab edilə bilər?". Bu fikirləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa müxalifət liderlərinin Fransa prezidenti ilə görüşə qatılmalarına, eləcə də bir sıra müxalifət partiyalarının həmin görüşə dəvət edilməmələrinə münasibətini bildirərkən deyib.

Fazil Mustafa qeyd edib ki, bir çox məqamlarda Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyən, ermənilərə ən çox dəstək verən dövlətin başçısı ilə görüşmək utancvericidir: "Onların Ollandla görüşməsi elə Serj Sarkisyanla görüşmək kimi bir şeydir. Fransa prezidenti beş nəfəri yığdı ora və şikayətlərini dinlədi. Lakin həmin şikayətləri dinləməklə hansını yerinə yetirə bildi ki? Həbsdə olanlardan birini azad etdirə bildimi? Bu görüş boş, mənasız təbliğat xarakterli görüşdən başqa bir şey deyil. Əslində, Fransua Ollandın kimisə qəbul etməsi, müzakirə aparaması uğur demək deyil, əksinə aşağılayıcı haldır".

BQP sədri onu da bildirib ki, əgər nəyinsə bir nəticəsi olacaqsa və yaxud bir faydası olacaqsa o zaman önəmli olardı: "Əvvəllər hansısa xarici ölkənin adi departament nümayəndəsi ölkəmizdə siyasi-ictimai prosesə təsir göstərə bilirdisə, hazırda bu hallar mümkün deyil. Çünki Azərbaycan kifayət qədər müstəqil siyasət yürüdür və heç bir bir ölkədən asılı deyil. Azərbaycan höküməti hər gün xarici ölkə nümayəndələrini qəbul edir və ikitərəfli müzakirələr aparır. Bu baxımdan, kimsə dövlətimizə təsir etmək gücünə malik deyil".

Millət vəkili son olaraq onu da vurğulayıb ki, əsas meyar dövlət tərəfindən siyasi partiyaların maliyyələşməsində hansı partiyaların iştirak etməsidir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə